Sabah qalib gələ və ya məğlub da ola bilərik

Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Monteneqrolu futbolçu sabah tanınmış bir kluba qarşı oynayacaqlarını qeyd edib: 

"Motivasiya çox yüksəkdir. Hamımız yaxşı nəticə əldə etməyə çalışırıq."

Yankoviç rəqibin güclü olduğunu vurğulayıb:

"Futbolun gözəlliyi ondadır ki, istənilən nəticə ola bilər. Keçmiş matçlar sübut edir ki, hər hansı rəqibə qarşı yaxşı oyun nümayiş etdirə biləcək gücdəyik. Sabah qalib gələ bilərik, amma məğlub da ola bilərik."

Xatırladaq ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.