"Ürəyimiz "Qarabağ"ladır. Bu gün Azərbaycan futbolunun yükünü çiyinlərində daşıya biləcək yeganə klub varsa, o da "Qarabağ"dır. Nə qədər söz-söhbət, müəyyən inciklik olsa da, bu klub hər zaman öz sözünü deyir və bundan sonra da deyəcək".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq üzvü Əfran İsmayılov deyib. O, Ağdam təmsilçisinin cavab matçında da layiqli oyun sərgiləyərək mərhələni keçəcəyinə inandığını bildirib:
"Qarabağ" qrup mərhələsinə düşməyə çox yaxındır. Komanda Sloveniyadan sərfəli nəticə ilə qayıdıb. Lakin bununla belə, rəqibə boşluq vermək olmaz. İlk qarşılaşmada da gördük ki, "Olimpiya" topla oynamağı sevən, hücum qura bilən komandadır. Rəqibin əsas çatışmazlıqlarından biri də odur ki, son nöqtəni qoya bilmirlər. Bu da ön xətdəki futbolçuların təcrübəsizliyindən irəli gəlir. "Qarabağ"ın müdafiəsi də çox etibarlı və güclüdür. Rəqib hücumlarının qarşısını məharətlə alır və əks-hücuma çıxa bilirlər. Ümid edirəm ki, Ağdam təmsilçisi ilk matçdakı kimi oynayıb, yaxşı nəticə qazanacaq və növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə düşəcək".
Xatırladaq ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.
Daşqın Əziz