Ötən gün baş tutan "Olimpiya" - "Qarabağ" oyununu texniki səbəblərdən vaxtında yayımlaya bilməyən "İdman TV" məsələ ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, telekanal sosial şəbəkə hesablarında paylaşım edərək, məsələnin yalnız "İdman Azərbaycan"la bağlı olmadığını, "Qarabağ" klubunun da biganə yanaşdığını bildirib. Daha sonra aşağıdakı geniş yazını silinib:
"Hörmətli futbol azarkeşləri, "Qarabağ" və "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşünün "İdman" TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. Lakin istərdik ki, məsələnin və yaranmış problemin əsl mahiyyətini tamaşaçılar düzgün bilsin. Yaranmış problem çox təəssüflər olsun ki, hətta "Qarabağ" FK tərəfindən "İdman" TV-nin problemi kimi təqdim edilir. Həqiqətdə isə problem həm də məhz klub rəsmilərinin yayım məsələsinə biganə yanaşması, rəqib komandalarla oyunun göstərilməsi ilə bağlı danışıqlarda "İdman" TV ilə əməkdaşlığı düzgün qurmamasıdır. Biz "İdman" TV olaraq "Qarabağ" FK-nın görüşəcəyi komandaları yayımlayacaq kanallarla ən azı 1 həftə əvvəldən danışıqlar aparır, texniki məsələləri dəqiqləşdiririk. Lakin, son anda siqnal alacağımız şirkət ya təmiz görüntü ötürmür, ya da gecikdirir. Problemi "Qarabağ" FK-ya çatdıranda isə qarşı tərəfdən hər hansı cavab almaq mümkün olmur. Yəni yalnız oyun deyil, yayım məsələsi də komanda işidir və burda ilk növbədə azarkeşi düşünərək kollektiv iş ortaya qoymaq lazımdır. "Qarabağ" FK-nın birmənalı olaraq "İdman" TV-ni ittiham etməsi isə həm anlaşılmaz, həm də qəribədir. Hər halda "İdman" TV olaraq biz də "Qarabağ" FK ilə münasibətlərə yenidən baxacaq və ikitərəfli əməkdaşlıqda məsuliyyətli yanaşma olacağı halda oyunların yayımını öz üzərimizə götürəcəyik".
"İdman TV"nin növbəti paylaşımında isə heç kimi günahlandırmaq istəmədiklərini qeyd olunub və məsələni araşdıracaqları bildirilib: "Hörmətli futbol azarkeşləri, "Qarabağ" - "Olimpiya" komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün "İdman" TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. "Qarabağ" futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə "İdman" TV qədər "Qarabağ" FK da məsuliyyət daşıyır. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcəkdir".
Qeyd edək ki, "Qarabağ" klubu dünən bu açıqlamanı yaymışdı:
“Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürmüşdür. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlandıra bilmir.
Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır".