UEFA Avropa Liqasının pley-off mərhələsində "Slavia" ilə oyun öncəsi "Legiya"nın mətbuat konfransı keçirilib.
Offsideplus.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Mahir Emreli 2:2 hesabı ilə başa çatan ilk oyunda qol vurandan sonra zədəli komanda yoldaşı Tomas Pekhart ilə görüşüb, qolu ona həsr etməsindən danışıb:
"Xeyr, bunu əvvəlcədən planlaşdırmamışdım. Sadəcə qol vurdum və ona doğru qaçıb, birgə qeyd etmək istədim. Düzdür, oyun vacibdir, lakin Pekhart üçün daha vacibdir. Keçmiş komandana qarşı start heyətdə oynamağın vacibliyini anlayıram. "Legiya" "Qarabağ"a qarşı oynasa, mən də istərdim ki, start "11-lik"də meydana çıxım. Qoldan sonrakı epizoda gəlincə, sadəcə onunla birlikdə qeyd etmək istədim".
24 yaşlı hücumçu bir neçə oyun qol vura bilməməsindən danışıb: "Düzdür, hücumçu qol vurmalıdır. Lakin bu mənim üçün heç vaxt vacib olmayıb, əsas qalib gəlməkdir. Hücumçu təkcə qol vurmalı deyil, həmçinin komandasının oyunu üçün əlindən gələni etməlidir".
Polşa liqasının səviyyəsi barədə Emreli bu cür cavab verib: "Çempionatın səviyyəsi, rəqabət daha yaxşıdır. Çünki Azərbaycandakı çempionatda yalnız 2 və ya 1 komanda çempionluq uğrunda savaşır. Burada bütün komandaların şansı var. Ona görə mövsümün sonunda kimin çempion olacağını demək çətindir".