Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Çexiyada "Slaviya" ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı hücumçu oyunun maraqlı alındığını bildirib: "Matç son dərəcə maraqlı alındı. Varşavada qələbə qazanmaq üçün hər şeyi etməliyik. Daha əvvəl bu turnirdə qol vurmamışam. Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi. Bugünkü qarşılaşma da eyni dərəcədə vacibdir. Komandalardan biri daha çox topla oynamaq istəyirdi, digəri isə əsasən müdafiəyə yönəlmişdi. Rəqibin hücumlarından sonra öz fürsətimizi gözlədik. Qarşıda cavab görüşümüz var. Hamımız oyuna 100 faiz köklənməliyik. Hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün uzun müddət gözləyib. Səhv etmirəmsə, "Legiya" 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparmalıyıq, amma bizim üçün çətin olacaq. Növbəti qarşılaşmaya yaxşı hazırlaşmaq, bugünkü oyunu təhlil etmək və nəyi səhv etdiyimizi görmək istəyirik. Hamımız bir-birimizi motivasiya etməliyik. Bu gün oyunun necə keçdiyini gördük. Cavab görüşü də çətin olacaq. İnanıram ki, Avropa Liqasının qrup mərhələsinə yüksələ biləcəyik".

Qeyd edək ki, Mahir Emreli 20-ci dəqiqədə "Legiya"nın görüşdəki ilk qolunun müəllifi olub. Komandalar arasındakı cavab matçı avqustun 26-da olacaq.