Bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" uzaq Finlandiyada HİK-lə qarşılaşacaq.
Bakıdakı matçda 2:2 hesablı bərabərlik qeydə alındığından "ağ-qaralar"ı Helsinkidə ancaq qələbə qane edir.
Bakı ilə Helsinki arasındakı zaman qurşağında 1 saatlıq fərq var. Təbii ki, hava şəraiti də ölkəmizlə eyniyyət təşkil etmir. Belə ki, hazırda Finlandiya paytaxtında tempratur müsbət 20 dərəcədir və buludlu, tutqun hava şəraiti hökm sürür.
UEFA-nın yeni qaydalarına əsasən səfərə gedən komanda azarkeş apara bilməz. Bəs "Neftçi"ni axşamkı oyunda Skandinaviya ölkələrində yaşayan soydaşlarımız dəstəkləyəcəkmi?
Diasporla iş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, qarşılaşmanın baş tutacağı "Bolt Arena"da təxminən 50 nəfər azərbaycanlı görüşü canlı izləyəcək. Onlar üçün biletlər də məhz sözügedən qurum tərəfindən alınıb. Soydaşlarımız arenaya bayraqlarımızla daxil olacaqlar. İdeyanı isə Skavdinaviya Azərbaycanlıları Koordinasiya Şurasının kuratoru Ülviyyə Cabbarova verib. Diasporla iş üzrə Dövlət Komitəsi də bu təşəbbüsü dəstəkləyib və həmyerlilərimiz üçün oyunu canlı izləmək fürsəti yaradılıb. Həmçinin oyunu izləyənlər arasında Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da olacaq. O, dünən Helsinkidə "Neftçi"nin məskunlaşdığı otelə gələrək klub prezidenti Kamran Quliyev və baş məşqçi Samir Abasovla görüşüb. Finlandiyalı azarkeşlərin isə oyuna marağını sezmək olmur.
Xatırladaq ki, HİK-"Neftçi" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüş "İdman TV" vasitəsilə canlı yayımlanacaq.