"Qarabağ" Avroliqanın qrup mərhələsinin 5-ci turu çərçivəsində "Makkabi" ilə qarşılaşacaq.
Ağdamlılar rəqibini UEFA-nın məlum müharibə şəraitinə görə verdiyi qərar əsasında Bakıda qəbul etməkdən məhrumdur deyə, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, "köhlən atlar"ın səfər planına aydınlıq gəlib. Belə ki, Azərbaycan çempionu dekabrın 2-si səhər saatlarında paytaxtı tərk edəcək. Həmin gün axşam oyunöncəsi son məşq və Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq. Həmin gün adıçəkilən stadionda Çempionlar Liqasının "İstanbul Başakşehir" - "Leypsiq" oyunu keçiriləcəyindən, təmsilçimiz məşq və mətbuat konfransı üçün başqa məkan seçməli olacaq.
Oyundan dərhal sonra vətənə qayıdacaq "Qarabağ" İstanbuldan Bakıya yox, birbaşa Qəbələyə uçacaq. Səbəbsə Premyer Liqanın 12-ci turu çərçivəsində "Qəbələ"ylə oyundur. Qarşılaşma dekabrın 6-da keçiriləcək.