Oktyabrın 29-da "Qarabağ" Türkiyədə "Vilyareal"ı qonaq edəcək.
Ağdamlıların istəyi və səyi nəticəsində gerçəkləşən arzu hər bir azərbaycanlı üçün xoş xəbər oldu. Ağdamlıların özünü İstanbulda özünü Bakıdakı kimi hiss edəcəyinə şübhə yoxdur. İndiki məqamda hər birimizin istəyi stadiona müəyyən sayda azarkeşin buraxılmasıdır. Bildiyiniz kimi, oktyabrın 14-də Türkiyə millisinin Serbiya ilə UEFA Millətlər Liqası matçında məhdud sayda tərəfdar arenaya buraxılmışdı. Bununla da qardaş ölkədəki stadionlarda 217 günlük azarkeşliyə son qoyulmuşdu.
Çempionlar Liqası və Avroliqanın qrupunda çıxış edən "İstanbul Başakşehir"lə "Sivasspor"da ev oyunları zamanı stadiona azarkeşlərin buraxılması ilə bağlı Türkiyə Futbol Federasiyasına müraciət edib. Lakin indiyə qədər federasiya rəsmi mövqeyini açıqlamayıb. Belə olduğu halda, gələn həftə müvafiq olaraq PSJ ilə "Makkabi"ni qonaq edəcək Türkiyə təmsilçilərinin azarkeşli, yoxsa azarkeşsiz oynayacağı böyük sualdır.
Bizi maraqlandıran isə "Qarabağ" - "Vilyareal" matçında "Başakşehir Fatih Terim Stadionu"na tərəfdarların buraxılıb-buraxılmayacağıdır.
Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayanda, klub rəsmisi offsideplus.az-ın əməkdaşına bunları dedi: "Bildiyiniz kimi, hazırda pandemiya ilə bağlı həssas dönəmdi. Türkiyədə də son dərəcə ehtiyatlı olmağa çalışırlar. Hətta avrokuboklarda mübarizə aparan yerli komandalar - "İstanbul Başakşehir"lə "Sivasspor" məsələ ilə bağlı TFF-dən cavab almayıb. Belə olduğu halda, "Qarabağ" - "Vilyareal" görüşünə azarkeşlərin buraxılması inandırıcı görünmür".