UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Qalatasaray" oyunundan (1:3) sonra təmsilçimizin baş məşqçisi Füzuli Məmmədov mətbuat konfransına qatılıb.

 Offsideplus.az xəbər verir ki, o, ilk olaraq oyun barədə danışıb:

 - Oyuna ciddi hazırlaşmışdıq. Komanda tam konsentrasiyalı idi. Qələbə qazanmaq istəyirdik. Bu səviyyədə rəqiblər səhvləri bağışlamırlar. Komandamız əzmkarlıq göstərdi. Belə oyunda xırda və kobud səhvlər məğlubiyyətlə nəticələndi. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Oyundan əvvəl "planım var" demişdiniz. Həmin plan tətbiq edildimi və nəticə necə oldu?

- Rəqibin orta xətti çox güclüdür. Daha kompakt oynayıb, təhlükəli hücum qurmağa çalışırdıq. İkinci hissədə də inanırdım komandama. Qurduğumuz plan müəyyən epizodlarda işə yaradı. Məğlubiyyətimizə uşaq səhvləri səbəb oldu. "Neftçi" səviyyəsində futbolçular belə səhvlər etməməlidirlər. İkinci hissədə qol vurduqdan sonra qol buraxmaq yaxşı oldu.

- Yeni transferin oyunundan razı qaldınızmı?

- Bəli, razı qaldım. Bir epizodda qol vurmaq imkanı vardı, ötürmə etdi. Sonra dedi ki, bunu komanda yoldaşı daha yaxşı mövqedə olduğu üçün edib. Qısa müddətdə komandaya uyğunlaşacağını düşünürəm.

- Aqil Məmmədovun kobud səhvləri ilə bağlı nə deyə bilərdiniz? Səlahət Ağayev, Monroz niyə oynamır?

- Səlahətin dirsəyində zədə var. Fərdi məşq keçir. Monroz da zədə səbəbindən oynamır. Hazırda müalicə olunur.