"Neftçi" sabah (27 avqust) UEFA Avropa Liqasının I Təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkupi" klubu ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, klubun baş məşqçisi Füzuli Məmmədov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
"Rəqibi tam analiz etmişik. Futbolçulara bütün topladığımız məlumatları vermişik. Oyuna ciddi hazırlaşmışıq, tam hazırıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Rəqibin gücünə bələdik. Hər bir rəqibə hörmət edir və ciddi yanaşırıq. Futbolçularım bu oyuna tam hazırdır.
- Star heyəti "Səbail"lə oyundakı kimi olacaq?
- Bu barədə indi nəsə demək tezdir.
- Hücumçu problemi oyuna necə təsir edəcək?
- Biz istədiyimiz futbolçunun komandaya qoşulmasını istərdik. Bəyəndiyimiz hücumçular olub. Müxtəlif səbəblərdən bəzi transferlər baş verməyib. Bəziləri ilə maddi baxımdan anlaşma olmayıb, bəziləri şəxsi problemlərinə görə, bəziləri Azərbaycana gəlmək istəməyiblər və s. Danışıqların davam etdiyi hücumçular var. Üzümüzə gələn həftələrdə, çempionatın növbəti oyununa qədər hücumçu transferini reallaşdıracağımıza ümid edirik.
- Baş məşqçi kimi avrokuboklarda debüt edəcəksiniz. Özünüzü necə motivasiya edirsiniz?
- Futbolçu kimi də, məşqçi kimi də həmişə meydana qələbə üçün çıxmışam. Bu baxımdan özümü motivasiya etməkdə xüsusi fərq görmürəm. Həmişəki məsuliyyətdir.
- Rəqibin heyətində fərqləndirdiyiniz futbolçu varmı?
- Hansısa futbolçunu fərqləndirmək istəmirik. Komandanı bütöv şəkildə analiz etmişik və komanda kimi hazırlaşmışıq.
- Elvin Yunuszadənin varlığı "Şkupi"yə üstünlük yarada bilərmi?
- Elvinin varlığının necə təsir edə biləcəyi barədə fikir bildirmək çətindir. Azərbaycan futbolu barədə çox məlumatlıdır. Ancaq Elvin Yunuszadənin rəqibin heyətində olması bizi qorxutmur.