Uels yığması AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, Uels yığmasının baş məşqçisi Rayan Giqqz oyunla bağlı fikirlərini bildirərkən Bakıda olmaqdan məmnunluğunu ifadə edib.
“Bakıda olmaqdan məmnunluq hissi duyuram. Az müddət olsa da, burda xoş vaxt keçirəcəyimi düşünürəm. Sabah bizi çətin oyun gözləyir. Bizim kimi, meydan sahibləri də qalib gəlməyə çalışacaq. Biz də burdan qələbə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Sabah intizamlı futbol oynamaq bizim üçün çox vacibdir. Klubdan gəldikdən sonra futbolçuların məşq etməyə çox vaxtları olmadı. Bu səbəbdən ilk günlərdə bir qədər çətinlik oldu. Ancaq düşünürəm ki, onlar peşəkardırlar və sabah meydanda verilən tapşırıqları yerinə yetirə biləcəklər. Azərbaycana qarşı futbolçu kimi çıxış etmişəm. Sabah isə məşqçi kimi texniki zonada yer alacam. Yenə həyəcanla matçı gözləyirəm”.
Xatırladaq ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da start götürəcək. Komandalar arasında baş tutan ilk oyunda Uels 2-1 hesablı qələbə qazanıb.