Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra fikirlərini bölüşüb
Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis komandaya gəlişindən sonra Azərbaycan çempionlarına heç vaxt uduzmadıqlarını bildirib: "Bura gəldiyim vaxt komandam Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşündə 1:2 hesabı ilə uduzmuşdu. İndi isə bizim 2 qələbə, 1 heç-heçəmiz var. Daha yaxşı oynamağı bilirik. Bu dəfə də 0:1 hesabı ilə geridə olduqdan sonra ayıldıq. Çox sevinirəm ki, ilk yarıda geridə olduğumuz halda, ikinci hissədə dönüş edə bildik. Daha yaxşı oynamağı bacarırıq. Amma gəlin, yaxşı şeylərdən danışaq. Dortmund "Borussiya"sı da Çempionlar Liqasında "İnter"lə görüşdə 0:2 hesabı ilə uduzarkən, dönüş etdi. Futbolçularıma görə şadam".
Qrupun çox çətin oyunundan üzüağ çıxdıqlarını deyən baş məşqçi komandasının ürəklə çıxış etməsindən məmnunluq ifadə edib: "Son matçlarda futbolçularım özlərini daha özünəinamlı hiss edirlər. Bunlar cəsarətli oyundan xəbər verir. Futbolçularımın son dəqiqələrdəki performansından razıyam. Həmçinin, yaxşı qapıçımız var idi. İlk yarıdan sonra fasilə zamanı futbolçular necə vicdanlı olduqlarını göstərdilər. Birinci hissə bizim üçün pis keçmişdi. Çoxlu top itkisinə yol vermişdik. Amma sonradan doğru qərarlar verdik. Çətin yolumuz olsa da, biz doğru yoldayıq. Komandanı addım-addım doğru yola yönəldirik".