UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin komandası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, “11-lik”də “Qarabağ”ın “Düdelanj” səfərdə 4:1 hesabı ilə məğlub etdiyi oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənən yarımmüdafiəçi Dani Kintana da yer alıb.
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq. (report)