“Krayovada sərfəli nəticə qazanmaq istəyirik. Lakin evdə keçirdiyimiz ilk matçda 2:3 hesabı ilə uduzandan sonra işimiz çətinləşdi”.
Bunu "Report"a açıqlamasında “Səbail”in kapitanı Rahid Əmirquliyev Krayovada “Universitatya”ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu haqda danışarkən deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, növbəti raunda vəsiqə qazanmaq üçün iki top fərqi ilə qalib gəlməlidirlər: “Matça yaxşı hazırlaşmışıq. İstədiyimiz nəticəni əldə etməyə ümidimiz var. İlk oyuna çox pis başladıq, heç nədən qol buraxdıq. Sonra özümüzə gəlməyə başladıq. Ancaq ikinci qoldan sonra komanda demək olar ki, “söndü”. Bəsit qollar buradıq. Düzdür, rəqib də güclüdür, bizdən güclü oynadılar. Bunu da dərk edirik. Çox sadə səhvlər edib, qollar buraxmışıq. Bundan nəticə çıxarmalıyıq. “Universitatya”nın “Qarabağ”la yoxlama oyununa da baxıb analiz etmişdik. Rəsmi və yoxlama matçları fərqli olur. Bakıdakı görüşdə rəqibdən çəkindiyimizi deməzdim. Qarşımıza müdafiədən əks-hücuma çıxmaq tapşırığı qoyulmuşdu. Ona görə də müdafiədən oynayırdıq. Hesab 1:3 olandan sonra irəli atıldıq ki, hesabı 2:3 və ya 3:3 edək, cavab qarşılaşmasında işimiz daha da qəlizləşməsin”.
Əmirquliyevin sözlərinə görə, heyətdə təcrübəli futbolçular olsa da, yeni gələnlər də var: “Ola bilər kimsə uyğunlaşmayıb, hələ vaxt lazımdı. Kollektiv kimi tam uyğunlaşmamağımız bundan irəli gələ bilər. Ancaq rəqib də yaxşı komandadır. Cavab matçında necə oynayacağımızı baş məşqçi söyləyəcək. Düzdür, bizə 2 qol vurmaq lazımdır, ancaq həm də buraxmamalıyıq. İlk görüşdə deyə bilmərəm Maykl Essyen pis, bir başqası yaxşı oynadı. Təlim-məşq toplanışı keçmişik. Baş məşqçi onu hazır bilib ki, əsas heyətə daxil edib. Essyenin zəif oynadığını deməzdim”.
Qeyd edək ki, iyulun 18-də Krayovadakı “İon Oblemenko” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bakıda baş tutan ilk matçda rumınlar 3:2 hesabı ilə qalib gəliblər.