Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Səbail"in evdə Rumıniya "Universitatya"sına 2:3 hesabı ilə uduzduğu Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra brifinq keçirib.

Musayev əvvəlcə oyunu dəyərləndirib...

- "Ümid söndə ölür" deyiblər. Amma açığı, rəqibdən daha güclü oyun gözləyirdim. Bəlkə də bu fikrimlə razılaşmaya bilərsiniz. Amma unutmayaq ki, "Səbail" avrokuboklarda ilk dəfə iştirak edir, yeni komandadır. Rəqibin isə 71 illik tarixi var. Maddi durumu da nəzərə almalıyıq. Bu yaxınlarda oyunçularından birini 11 milyon avroya satdılar. Bu, "Səbail"in ən azı 5 illik büdcəsi deməkdir. Lakin bunlar o anlama gəlməməlidir ki, komandamız zəif oynamalı idi. Buna zəif çıxış da deməzdim. Heyətdə gənc futbolçular çoxdur. Onlar avrokuboklarda debüt etdiklərindən, istər-istəməz bir qədər çəkinirdilər. Deyərdim ki, "Səbail"ə, gənc komanda və baş məşqçiyə avrokuboklarda iştirak etməsinə görə təbrik düşür.

 

- Fasilədə Eltun Yaqubluya dediniz ki, komandanı səslə. Hiss olunurdumu ki, "Səbail" rəqibdən qorxur?

- "Neftçi"də çalışdığım vaxt Belçikada "Anderlext"lə oynadığımız vaxt 70 min azarkeşin qarşısında ilk 25 dəqiqədən sonra bilmirdik hara qaçaq. Bu gün "Universitatya" köklü komandadır, danmaq olmaz. Rumıniya komandaları ilə oyunlarımız dava ilə bitirdi. Çox çətin rəqib idilər. Yenə deyirəm: "Səbail"ə təbrik düşür. İlk növbədə, onlara. Başqa cür ola bilməz. Digər tərəfdən, güc məsələsi var. "Volqa" ilə BMW heç vaxt ötüşə bilməz.

 

- Digər avrokubok təmsilçilərimizdən nə gözləyirsiniz?

- "Neftçi"ni səfər qələbəsi münasibətilə təbrik edirəm. "Qarabağ" Albaniyada qolsuz heç-heçə etsə də, yəqin ki, burada öz hünərini göstərəcək. "Qəbələ"yə isə Avropa Liqasının II təsnifat mərhələsində uğurlar arzulayırıq. Fikrimcə, ən çətin rəqib "Səbail"ə qismət olub.

 

- Azərbaycan Premyer Liqasında yeni mövsümdən hansı yeniliklər gözləmək olar?

- Yeniliklərimiz çoxdur. Onu burada sadalamağa vaxt çatmaz. Bu yeniliklərin hazırlanmasında PFL-in Texniki İdman Şöbəsinin yeni rəisi Elgiz Abbasovun böyük rolu var.

 

- Sizin nəzarət etdiyiniz dövrdə hakimlər ildə iki dəfə xaricdə təlim-məşq toplanışı keçirdilər. Amma indi ölkədən kənara çıxmırlar. Bu, nə ilə bağlıdır?

- Mən sırf çempionatla məşğulam. Çempionat ağır olduğu üçün xahiş etdik ki, hakimlərə nəzarəti bizdən götürsünlər. (report)