"Azərbaycan sürətlə böyüyən və böyük inkişafa nail olan ölkədir".
Offsideplus.az məlumatına görə, bunu İtaliyanın "Napoli" klubunun baş məşqçisi Karlo Ançelotti Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə danışarkən deyib. 60 yaşlı mütəxəssis indiyədək özünün yox, köməkçisinin Azərbaycanda olduğunu diqqətə çatdırıb. "1995-ci ildə biz Polşanın "Vidzev" komandası ilə Çempionlar Liqasının oyununda üz-üzə gələcəkdik. Əməkdaşımızı göndərdik ki, gedib potensial rəqibimizin oyununa baxsın".
Əslində, məşhur baş məşqçinin bəhs etdiyi matç 1997-ci il iyulun 23-də keçirilib. "Vidzev"lə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin ilk görüşündə qarşılaşan komanda isə "Neftçi" olub. Azərbaycan təmsilçisi Bakıda 0:2, bundan bir həftə sonra isə Lodz şəhərində 0:8 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Növbəti mərhələdə "Vidzev" həmin vaxt Ançelottinin rəhbərlik etdiyi "Parma" ilə qarşılaşıb. İtaliya komandası evdə 4:0, səfərdə 3:1 hesabı ilə qalib gələrək, ÇL-in III təsnifat mərhələsinə adlayıb.
"Napoli" hazırda mübarizəni Avropa Liqasında davam etdirir. Neapol klubu 1/8 finalda Avstriya "Zaltsburq"u ilə ilk görüşünü martın 7-də ev, cavab matçını martın 14-də səfərdə keçirəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlayacaq. (report)