Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının finalı çərçivəsində keçirilən tədbirlər davam edir. Bu tədbirlər proqramı çərçivəsində martın 3-də Bakıya ulduz axını olacaq.
Offsideplus.az xəbər verir ki, martın 3-də, saat 12:30-da Bakıda, şəhərin mərkəzində "Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma keçiriləcək. Oyunda yaşıl meydanın yerli və əcnəbi oyunçuları öz güclərini nümayiş etdirəcəklər.
Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək.
Bakıya gələcək ulduzlar siyahısına daha biri əlavə olunub. Söhbət Türkiyə futbolunun qızıl nəslinin nümayəndəsi Nihat Kahvecidən gedir. "Real Sosyedad”ın heyətindəki oyunları ilə Azərbaycan azarkeşlərinin ürəyinə yol tapan Nihat milli komandanın heyətində həm dünya çempionatının, həm də Avropa çempionatının bürünc mükafatlarına yiyələnib.
Kahveci futbolçu karyerasını "Beşiktaş”da bitirib. (Futbol11.az)