Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ” doğma meydanda Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
Offsideplus.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis ilk növbədə rəqibi salamlayaraq matç haqqında fikirlərini bölüşüb:
“Qonaqları salamlayıram, gözəl Bakımıza xoş gəliblər. Bu gün aqressiv və çox istəkli bir komandaya qarşı oynadıq. İkili mübarizələrdə yetərincə yaxşı tesir bağışladılar. Ümumilikdə bizim üçün xoş və faydalı oyun oldu”.
İsti hava şəraitinin matça təsirindən danışan Qurbanov xalların itirilməsini buna bağlamayıb:
“Belə şərtlər hər iki komanda üçün eyni idi. Əlbəttə, havanın sərin olması azarkeşlər üçün daha yaxşı olardı. Futbolçular meydanda çox böyük enerji itirdilər”.
Jurnalistin “Sonuncu dəfə Bakıda bolqar klubuna qarşı oynayanda səfərdə darmadağınla qələbə qazanılmışdı. Bu dəfə də eyni ssenari təkrarlana bilər?” sualını baş məşqçi belə cavablandırıb:
“Rəqiblər həmişə fərqlidir. Müasir futbol o qədər sürətlə inkişaf edir ki... Biz düşündüyümüz 'Qarabağ'dan daha yaxşı olmalıyıq. Artıq rəqiblər də bizə böyük hörmətlə yanaşır, fərqli gözlə baxırlar. Bunu hiss ediriksə, deməli, daha da inkişaf etməliyik. Əsas işimiz həmişə olduğumuz səviyyədən daha üstün olmaqdır”.
Yeni transfer Sefasın durumu və zəif təsir bağışlayan hücum xətti barədə də danışan mütəxəssis rəqibin müdafiə xəttini xüsusi vurğulayıb:
“Sefas hələ tam hazır deyil. Qarşıda 5-6 günümüz var, cavab oyununda onun start heyətində yer alıb-almayacağına baxacağıq. Qol epizodlarının az olmasına gəlincə, bunun səbəbləri çoxdur: yeni kollektiv, hazırlıq prosesi və təbii ki, rəqib factoru. Bərk komandadır, müdafiədə çox bacarıqlıdırlar və ikili mübarizələrdən adətən həzz alırlar”.
Sonda zədələnərək meydanı tərk edən Lanqanın vəziyyətinə toxunan Qurban Qurbanov:
“Düşünmürəm ki, zədəsi ciddidir. Dəqiq vəziyyəti sabah bəlli olacaq”, – deyə bildirib.


