Noyabrın 29-da UEFA Avropa Liqasının qrup yarışı çərçivəsində “Qarabağ" futbol klubunun Bakı Olimpiya Stadionunda Portuqaliyanın "Sportinq" klubu ilə keçirəcəyi oyunla əlaqədar olaraq Bakı Metropoliteninin "Koroğlu" stansiyasının iş rejmində bəzi dəyişikliklər ediləcək. 

Offsideplus.az xəbər verir ki, Metropolitenin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu arenada keçirilən tədbirlər üçün mövcud əməliyyat planına uyğun olaraq, stansiya oyunun başlanmasına bir müddət qalmış gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə stansiyaya əlavə canlı qüvvə və texniki vasitələr ayrılacaq.

Matçın həmin gün saat 21:55-də başlanması nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC rəhbərliyinin qərarı ilə görüşü arenada izləyənlərin metropolitendən təhlükəsiz və rahat istifadə etməsi məqsədi ilə xüsusi tədbirlər həyata keçiriləcək.

Oyun gecə saat 24:00 radələrində başa çatacağından, "Koroğlu" stansiyasının iş rejimi, zərurət yaranacağı təqdirdə, bir saata qədər uzadıla bilər. Matç bitəndən sonra "Koroğlu" stansiyasına daxil olan sərnişinlər qatarların hərəkət etdiyi bütün istiqamətlərdə daşınaraq, mənzil başına çatdırılacaqlar.

Qeyd edək ki, Bakı metropoliteninin iş rejimi səhər saat 6-dan gecə saat 12-yə qədərdir.