İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasından sonra millimizin ölkəyə qayıtması ilə bağlı qərar qəbul olunub. 

Offsideplus.az xəbər verir ki, buna baxmayaraq, idmançılarımız qaldıqları hoteldən buraxılmır. Bu barədə Gənclər və İdman naziri Fərid Qayıbov feysbuk paylaşımında söyləyib:

“İrəvandakı ağır atletika üzrə 2023-cü il Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik törədilib və Azərbaycan bayrağı yandırılıb. Bu, qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən, Azərbaycan nümayəndə heyəti yarışda iştirakdan imtina edir və vətənə dönməsi gözlənilir. Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar hoteldən çıxa bilmirlər və media ilə əlaqələri yoxdur. Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.