Bu gün Milli Olimpiya Komitəsində Şotlandiyanın Qlazqo şəhərində üç təkanla tullanma yarışında Avropa çempionu olan Azərbaycan atleti Nazim Babayevlə görüş keçirilib.
Mərasimdə MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının (AAF) rəhbəri Çingiz Hüseynzadə N.Babayevin ölkənin idman tarixinə düşən böyük uğura imza atdığını bildirib: "Bu gün baş nazirin I müavini Yaqub Eyyubovun qəbulunda olduq. Yaqub müəllim Nazimi təbrik edərək, ona bundan sonra da ən yüksək dəstəyi verəcəyini bildirdi. Özüm də xeyli zənglər aldım. Y.Eyyubovla o vaxt da görüşmüşdüm. Yaqub müəllimə o vaxt demişdim ki, bizdə Ramil Quliyevdən də yaxşı idmançı yetişir. İndiki görüşdə onu xatırladı. Əvvəllər deyirdilər ki, atletika Azərbaycan üçün deyil. Bu da mövcud şəraitsizlikdən irəli gəlir. Biz isə sübut etdik ki, Azərbaycanda atletika məktəbi var, özümüz də səviyyəli idmançılar yetişdirə bilərik. Nazim elə yaşdadır ki, bundan sonra 3 olimpiadada çıxış edə bilər. Biz Aleksis Kopellonu gətirəndə çoxları deyirdi ki, niyə legioner gətirirsiniz? Açığı, Kopellonun olması Nazimi də qıcıqlandırdı. O, İslam Həmrəyliyi Oyunlarında Kopellodan yüksək nəticə göstərdi".
N.Babayevin şəxsi məşqçisi Ziyad Xəlfəyev 19 atlet arasında ciddi rəqabətin getdiyini bildirib. O, yetirməsinin tapşırıqları lazımınca yerinə yetirdiyini bildirib: "20 minlik arenada Azərbaycan himninin səsləndirilməsi və Nazimin özünün uğurlarını davam etdirməsi qürurverici haldır".
N.Babayevin özü isə bildirib ki, yalnız qələbə haqda düşünüb: "Yarışa mübarizə əzmi ilə çıxdıq və bu, bizdə alındı. Federasiyamıza, şəxsi məşqçimə təşəkkür edirəm".
AAF-nin baş katibi Məhərrəm Sultanza Babayevin Azərbaycan atletikası və idmanı adına böyük uğura imza atdığını bildirib: "İndiyədək bu növdə Avropa çempionumuz yox idi. Nazim yarışa reytinqcə 6-cı qatılmışdı. İki həftə əvvəl Balkan oyunlarında Babayev 2-ci yeri tutmuşdu. Amma iki pəncəsi də çatsaydı, indiki məsafə göstəricisinə yaxın nəticəsi olacaqdı. Nazim lazımi nəticəni göstərdi və biz 49 ölkə arasında 1 qızıl medalla 10-cu yeri tutduq. Halbuki yarışa cəmi 2 atletlə yollanmışdıq".
Qurumun vitse-prezidenti Firat Hüseynov və atletika üzrə yığmanın baş məşqçisi Bəhruz Salehli də N.Babayevi gələcəkdə daha böyük uğurların gözlədiyini diqqətə çatdırıb.
Sualları cavablandıran Babayev bildirib ki, böyüklər arasında da yüksək nəticə göstərmək üçün lazımi zamanın yetişdiyini hiss edib: "Qısa zamanda çox şey baş verdi. Zədələrim oldu. Məşqçim demişdi ki, 7,30 m nəticə göstərə bilərsən, elə də oldu".
"Nelson Evora olimpiya çempionu olanda mən onu televiziya vasitəsilə izləyirdim", - deyən N.Babayev əlavə edib ki, qarşıdakı hədəfləri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq, dünya və olimpiya çempionu olmaqdır. (report)