OFFSIDE Sport Media milli şahmatımızın problemləri mövzusunda araşdırmalarını davam etdirir. Bu dəfəki yazıda Azərbaycan şahmatçılarının qazancı, daxili turnirlər üçün müəyyənləşdirilən mükafat fondu ilə əlaqədar məsələlərə toxunulacaq.

 

Federasiyanın məvacibdə ayrı-seçkiliyi

Azərbaycan şahmatçılarının gəliri AŞF tərəfindən ödənilən stipendiya və məvaciblər, məşqçilik, habelə yarışların mükafat fondu hesabına formalaşır. Son vaxtlar sponsor şirkətlərlə əməkdaşlıq  geniş yayılmaqdadır.

Şahmatçıların aldığı məvacib hər zaman narazılıq və müzakirə mövzusu olub. Kişilərdən ibarət şahmat yığmasının üzvlərinə 1500-2000 manat maaş verilir. Məvaciblərin yubanması, uzun müddət gecikməsi Azərbaycan şahmatına yad deyil. 2018-ci ilin avqustunda şahmatçıların aylarla maaşsız qalması xüsusilə xoşagəlməz xarakter almışdı. İş o yerə çatdı ki, "Sinquefield Cup" turnirində mübarizə aparan Şəhriyar Məmmədyarov uzun sürən turnirlərə qazanc məqsədilə qatılmaqdan yorulduğunu bildirdi. “Şah” ləqəbli qrossmeyster həmin il iştirak etdiyi turnirlərdən 225 min avro qazanmışdı. 2015-ci ildə milliləşdirilən Arkadi Naydiçə 8 min manat məvacib verilməsi birmənalı qarşılanmır. Ciddi nəticə göstərməyən bir legionerə bu həcmdə maaş ayrılması böyük kütlənin haqlı narazılığına səbəb olmuşdu.

Bakı Şahmat Olimpiadasından (2016) öncə qızlara aylıq 2 min manat verilib. Həmin ərəfədə kişilərdən ibarət millinin əsas üzvləri 5, ehtiyat şahmatçılara isə 1500 manat maaş alıb. Olimpiadadan sona məvaciblər bir neçə dəfə azaldılıb. Burdan çıxan nəticə odur ki, Elman Rüstəmovun komandası sadəcə gözdən pərdə asırmış.

Azərbaycanda şahmatçıların gəliri əsasən məşqçilik fəaliyyətinin payına düşür. Bunu fərdi və onlayn dərslər vasitəsilə həyata keçirmək mümkündür. Bir saat onlayn seansın xərci 25-55 ABŞ dolları təşkil edir. Məsələn, "Chessclub" internet resursundakı məlumata görə Beynəlxalq usta İlqar Bacarani 30, oğlu Ülvi Bacarani 25, yığmamızın üzvləri Qədir Hüseynov 30, Eltac Səfərli 50 dollara dərs keçir. Virtual məkana aid olmayan hazırlığın qiyməti isə 20 manatdan başlanır.

İldən-ilə azalan mükafat fondu

Şahmatda klassik qazanc yolu müxtəlif yarışlarda uğurlu çıxış etməkdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da keçirilən şahmat turnirləri üçün mükafat fondu təyin olunur. Son illər bu baxımdan ciddi problemlər olduğu ortadadır.

2019-cu ildə keçirilən kişilər arasında Respublika birinciliyinin mükafat fondu cəmi 4 min manat olub. Statistika göstərir ki, ölkə çempionatlarının mükafat fondu hazırki AŞF rəhbərliyinin yaşı ilə tərs mütənasibdir. Rəhbərliyin yaşı artdıqca ayrılan vəsaitin azalması müşahidə olunur. 2008-ci ildə Azərbaycan çempionatının mükafat fondu 13 min, qalibin qazancı 5 min manat idi. Bu fond 2011-ci ildə 10, 2016-cı ildə 5 min manata enib. Oxşar tendensiya qadınlar arasında Respublika birinciliklərində müşahidə olunub. Bu turnir üçün 2010-cu ildə 5 min, 2014-cü ildə 2500, 2016-cı ildə 2500 manat mükafat fondu ayrılıb. 2020-ci ilin martında keçirilən çempionatın maliyyə tərəfləri barədə ümumiyyətlə məlumat verilməyib. Şahmat yarışlarına ayrılan mükafat fonduna görə nəinki Rusiya, Ermənistan və Gürcüstan da Azərbaycanı qabaqlayır.

Rusiyada şahmat üzrə son ölkə çempionatında kişilər üçün mükafat fondu 6.5, (145 min AZN) qadınlar üçün 3.5 milyon RR (78 min AZN) həcmində olub. Kişilər arasında 1-ci yeri tutana 1 milyon RR (22 min AZN) və "Renault" markalı avtomobil hədiyyə olunub. Zərif cinsin nümayəndələri arasında qalibə 600 min RR (13 min AZN) verilib.

2005-ci ildən keçirilən və bir sıra tanınmış şahmatçıları paytaxtımıza toplayan “Baku Open” turnirinə nəzər salaq. Gənclər və İdman Nazirliyi və AŞF tərəfindən təşkil olunan yarışın mükafat fondu son 10 ildə azalmaqdadır. Nazirlikdən bildirildi ki, mükafat fondu təşkilatçılar arasındakı razılaşmaya əsasən formalaşdırılır. Yəni tələb olunan vəsait həm GİN, həm də AŞF tərəfindən ayrıla bilər. İlk festivalın sponsoru “Gülağa Qənbərov Xeyriyyə Fondu” olub. Mükafat fondu 14 min dollar olan yarışın iştirakçıları üzvlük haqqından azad olunub. 2010-cu ildə sponsorların sayı artsa da, reytinqi 2400-dən aşağı şahmatçılardan üzvlük haqqı alınmağa başlanıb. Həmçinin reytinqi 2630-dan yüksək olan (qeydiyyatdan keçmiş ilk 10 qrossmeyster) şahmatçılardan başqa digərləri yerləşmə və qidalanma xərclərini özləri qarşılamalı olub. “Baku Open”in 2010-2019-cu illərdə mükafat fondu və qalibə çatan pul vəsaitini təqdim edirik.

arasdirma1

Son illərdə turnirin orta reytinq əmsalı da aşağı düşüb. 2016-cı ildə bu göstərici 1696 idisə, 2019-cu ildə 1657 olub. Eyni zamanda reytinqi 2600-dən yüksək iştirakçıların sayında azalma müşahdə olunmaqdadır.

 “Baku Open”in mükafat fondunda azalma tanınmış qrossmeysterlərin turnirə maraq göstərməməsi ilə nəticələnib. Son 3 ildə əcnəbi şahmatçıların yerləşmə məsrəfləri də artır. 2017-ci ilə qədər "AF Hotel"-də tam pansion qidalanma olmaqla iki nəfərlik otaqda gecələmək 50 AZN, yalnız səhər yemiyə ilə qalmaq 30 AZN təşkil edirdi. Otaqda tək qalmaq 65 AZN idi. 2018-ci ildən isə adını “SPRİNGS” olaraq dəyişdirən hoteldə 1 gün 3 dəfə qidalanma ilə yerləşmək 80 AZN, tək qalmaq isə 95 AZN olaraq müəyyənləşdirilib.

arasdırma 2

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” və ənənəvi “Naxçıvan Open” turnirlərinin mükafat fonduna qısaca nəzər salaq. 2014-cü ildən təşkil olunan “Shamkir Chess”in mükafat fondu 100 min dollar müəyyənləşdirilir ki, bunun da 30 mini qalib şahmatçıya çatır. Bu vəsait, bir qayda olaraq, sponsor şirkətlərin hesabına formalaşır. Turnirə “Synergy Group” və SOCAR sponsorluq edib. “Naxçıvan Open” beynəlxalq şahmat festivalının mükafat fondu isə qeyri-stabil olub. 2011-ci ildə 66 500 dollardan 2014-cü ildə 10 min dollara enən fond son olaraq 25 min dollar təşkil edib. Turnirin təşkilində Naxçıvan MR Şahmat Federasiyası fəal iştirak edir.

Ermənistan və Gürcüstan şahmata pul tapır

Ermənistanda qadın və  kişilər arasında son ölkə çempionatının ümumi mükafat fondu təxminən 16 min avro təşkil edib. Kişilərin mübarizəsində ilk 3 yeri tutan şahmatçılar Avropa çempionatında iştirak hüququ qazanıb. Eyni zamanda mükafat fondu 2200 avro olan sürətli şahmat üzrə ölkə birinciliyi keçirilib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda şahmatın sürətli və blitz növləri üzrə respublika çempionatı yoxdur. Daha doğrusu, AŞF buna təşəbbüs göstərmir. Bir müddət öncə "Təhsil" RİM təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn Respublika çempionatı baş tutmuşdu. Yarışın əsas mükafatı isə I yeri üçün nəzərdə tutulan "chess.com" saytında 1 illik "brilyant" üzvlük (dəyəri 99 dollar) idi.

Ermənistanda qrossmeysterlər orta aylıq əməkhaqqının təxminən 50 faizi həcmində maaş alır. 2016-cı ildə CNN bu məvacibin 120 ABŞ dolları ekvivalentində olduğunu yazmışdı. Beynəlxalq yarışlarda qazanılan nəticələrə görə şahmat millisinə kifayət qədər sanballı pul mükafatı verilir. 2006-cı ildə Şahmat Olimpiadasının qalibi olan kişilərdən ibarət Ermənistan şahmat yığmasının hər üzvünə 18000 dollar təqdim olunmuşdu. 2011-ci ildə Dünya çempionu adını qazandığına görə komandanın üzvlərinə 20400 dollar ayrılmışdı.

ARAS2

Dövlət və yerli federasiyası sıravi şahmatçıları da diqqətdən kənarda qoymur. Onlar sosial baxımdan dəstək alır, çoxşaxəli məşq proqramları  ilə təmin olunurlar. Kiçik bir haşiyə çıxıb  aparıcı xəbər portallarında Ermənistan şahmatı haqqında yazılara nəzər yetirmək mümkündür. "CNN", "BBC", "İndependent", "Al Jazeera" kimi tanınmış media qurumları erməni şahmatının inkişafı haqqında geniş məqalələr ərsəyə gətirib. Məşhur saytların Azərbaycan şahmatı haqqında yazılarına rast gəlmək çətin məsələdir. Yalnız 2011-ci ildə CNN şahmatımız barədə kiçik videomaterial hazırlamışdı. Əlbəttə, ölkə daxilində keçirilən şahmat yarışları barədə doğru-dürüst məlumat verə bilməyən bizim federasiyadan xaricdəki Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq gözləmək möcuzə olardı.

Qafqazın digər respublikası Gürcüstanda keçirilən şahmat turnirlərinin mükafat fondu əsasən 10 min dollar civarındadır. 2019-сu ildə kişilər arasında şahmat üzrə Gürcüstan çempionu Qiqa Kuparadze oldu. O, qalib kimi mükafat fondu 5800 dollar olan yarışdan 2360 dollar qazandı. Təkcə kişilərin deyil, qadınların turniri üçün də pul mükafatı yaxşıdır. 2019-cu ildə baş tutmuş çempionatın mükafat fondu 5500 dollar təşkil edib. İlk 3 yeri tutanlar müvafiq olaraq 1730, 1410, 1100 dollar alıb. Daha böyük fonda malik çempionatlar da olub. Məsələn, 2013-cü ildə baş tutan birincilik üçün 9700 dollar ayrılıb. Bunun 5 mini qalib şahmatçıya çatıb.

Elit yarışlardan biri Gürcüstan şahmatının canlı əfsanəsi Nona Qaprindaşvili tərəfindən təşkil edilir. 2016-cı ildə onun yubileyinə həsr olunmuş "Nona-75" turnirinin ümumi mükafat fondu 18 min avro olub. Kişilər arasında qalibə bonuslarla birlikdə 4000, qadınlara isə 1800 avro qazanmaq imkanı yaradılıb. 2019-cu ildə "Nona Cup" turniri üçün 15750 dollar mükafat fondu müəyyən olunub. Qeyd edək ki, Qaprindaşvilinin başçılıq etdiyi yarışın Təşkilat Komitəsi reytinqi 2501-dən yüksək şahmatçılardan iştirak haqqı almır.

Azərbaycanda Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun xatirəsinə həsr olunmuş yarışa nəzər salaq. 3-11 yanvarda keçirilmiş memorial turnirdə Azərbaycanla yanaşı, İran, Rusiya, Birləşmiş Ərəb Əmirliklərindən 250 şahmatçı mübarizə aparıb. Mükafat fondu isə cəmi 2500 manat olub.

Respublika çempionatının tragikomik durumu

FİDE komanda reytinqində Azərbaycan 7-ci, Gürcüstan 18-ci yerdə qərarlaşıb. Gürcüstanda şahmat üzrə respublika çempionatının sponsorlarından biri "SOCAR"dır. Şirkət, eyni zamanda şimal-qərb qonşumuza şahmatın inkişafı istiqamətində köməklik göstərir. Bəs, Azərbaycan şahmatı necə olsun? “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, həm də AŞF vitse-prezidentidir. Şahmat üzrə Azərbaycan çempionatına 3-4 min manat fondunu "SOCAR" ayırırsa, bu məbləğin ona yaraşmadığı açıq-aşkardır. Əgər mükafat fondu federasiyanın öz resursları hesabına formalaşırsa, ikiqat rüsvayçılıqdır. Təşkilati məsələlərə bilavasitə nəzarət edən Faiq Həsənov Azərbaycan kimi şahmat ölkəsinə 4 min manat mükafat fondunu rəva görürsə, deyiləcək söz yoxdur.

ARAS

AŞF şahmat üzrə ölkə çempionatına önəm vermədiyindən mükafat fondu acınacaqlı həddədir. Bunun məntqi nəticəsi olaraq 2019-cu ilin yanvarında baş tutmuş kişilər arasındakı turnirə cəmi 2 qrossmeyster qatılmışdı. Çempionatın reytinq favoriti 2471 xalla Vüqar Əsədli idi. Adının hallanmasını istəməyən qrossmeysterlərdən biri birinciliyin nüfuzdan düşməsinə səbəb kimi onun heç bir stimula malik olmaması, əhəmiyyət daşımamasını qeyd edir.

"Mükafat fondunun az olması tanınmış qrossmeysterlərin çempionata maraq göstərməməsinə səbəb olur. Turnirn vaxtı da uğursuz seçilir. Peşəkar şahmatçı təqvimini 6 ay öncədən müəyyənləşdirir. AŞF isə Respublika birinciliyinin tarixini gec elan edir.

Ötən il qadın şahmatçılar arasında Qran-Pri  keçirilməsi planlaşdırıldı, alınmadı. Bu cür vacib turnirlər üçün pul tapılmır. Bu il çempionatı səviyyəsini yüksəltmək istəyirdilər. Amma turnirdə dairəvi sistem tətbiq olunsa, bir sıra istedadlı şahmatçılar yenə kənarda qalacaq".

Sonda belə nəticəyə gəlmək olar ki, AŞF Azərbaycan çempionatına ciddi önəm vermir. Bir neçə il öncə federasiyanın vitse-prezidenti Mahir Məmmədova qurumun büdcəsi ilə bağlı sual ünvanlanmışdı. O isə büdcənin 7 rəqəmli olduğunu bildirmişdi. Bundan əlavə, şahmata ayrılan vəsait Olimpiya proqramna daxil olan daha çoxdur. AŞF, həmçinin Mərkəzi Bank və SOCAR-dan dəstək görür. Bunları nəzərə alıb qətiyyətlə demək olar ki, Respublikadaxili şahmat yarışlarının mükafat fondunu yenidən nəzərdən keçirmək lazımdır. Şahmatın kütləviləşdirilməsini qarşısına məqsəd qoyan federasiya dairəvi sistemlə 10-12 şahmatçı arasında mini-turnir təşkil edib adını Azərbaycan çempionatı qoymamalıdır. Mükafat fondu artırılsa və ölkə birinciliyinə tanınmış qrossmeysterlər cəlb olunsa, gənc şahmatçılar turnirdə misilsiz təcrübə qazanmış olar.