İyulun 11-də Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start veriləcək. Turnirdə yeganə təmsilçimiz "Zirə" Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq. Gəlin komandamızın rəqibini yaxından tanıyaq. 

"Şerif" (Tiraspol) 1997-ci ilin 4 aprelində yaradılıb. Kollektivin ilk adı "Tiras Tiraspol" olub. Klubun tarixində azərbaycanlı məşqçi Əhməd Ələsgərov adı xüsusi vurğulanmalıdır. Belə ki, mütəxəssis komandanı ilk dəfə Moldovanın əsas liqasına çıxarıb. Son mövsümü 2-ci pillədə tamamlayan kollektiv ümumilikdə 21 dəfə ölkə çempionu olub. Bununla yanaşı, Moldova Kubokunu 12 dəfə başı üzərinə qaldıran klub, 7 qat Super Kubok qalibidir. 2003 və 2009-cu illərdə "Şerif" Birlik Kubokunda qızıl medalları qazanıb. 

Tiraspol təmsilçisinin avrokubokdakı çıxışına nəzər saldıqda, qeyd etmək lazımdır ki, onlar 1 dəfə Çempionlar Liqasında, 5 dəfə isə Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Hazırda "Şerif"ə 47 yaşlı Yuri Hura başçılıq edir. Klubun prezidenti isə Viktor Quşandır. "Sarı-qaralar" ev oyunlarını 12,746 azarkeş tutumuna malik "Şerif Arena"da keçirir.

Heyətinin əsasını legionerlərin təşkil etdiyi kollektivin "transfermarkt"a görə ümumi dəyəri 10.5 milyon avrodur. Moldova təmsilçisinin ən bahalı üzvləri isə Kristian Tovar və Sedrik Badolodur (hər ikisi 750 min avro).

Maraq üçün qeyd edək ki, "Şerif" daha əvvəl "Qarabağ"a 3 dəfə rəqib olub. 2017/18 mövsümündə Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində iki matçın nəticəsinə əsasən Tiraspol təmsilçisini üstələyib - 0:0, 2:1.

Komandalar ikinci dəfə isə 2018/19 mövsümündə Avropa Liqasının pley-off mərhələsində üz-üzə gəliblər. Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə rəqibini 3:1 hesabı ilə məğlub edib. 

"Köhlən atlar" son dəfə Çempionlar Liqasının II təsnifat mərhələsində sözügedən klubla qarşılaşıb. COVID-19-la əlaqədar olaraq çütün taleyi bir oyunda həll olunub və həmin matçda da Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mərhələ adlamağı bacarıb (2:1).

"Zirə" "Şerif"ə qarşı ilk oyunu iyulun 11-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.