Danimarkalı yarımmüdafiəçi Mikkel Damsqor AVRO-2020-dəki performansı ilə diqqətləri üzərinə çəkib.
Offsideplus.az xəbər verir ki, "Sampdoriya" Damsqora 50 milyon avro transfer qiyməti qoyub. Buna baxmayaraq, klub rəhbərliyi gənc ulduzunu satmaq istəmir. Belə ki, "Sampdoriya", "Barselona" və "Milan"ın yaxından maraqlandığı 20 yaşlı futbolçunun satılmadığı barədə xəbərdar edib.
Bu barədə klubun prezidenti Massimo Ferrero açıqlama verib: "Satışda olmadığı üçün hazırda nə qədər dəyərinin olduğunu bilmirəm. Onu komandada saxlayacam və inkişafı üçün kömək edəcəyik, çünki işin sonunda sağlam bir qazanc əldə etmək istəyirəm. Mənim fikrimcə, onun 30-50 milyon avro arası dəyəri var. İstedadı var və çox uzağa gedəcək."
A Seriyası təmsilçisi Damsqoru 2020-ci ilin sentyabrında "Norşellan"dan 6,75 milyon avroya heyətinə qatıb.
Qeyd edək ki, futbolçu A Seriyasında ilk mövsümündə 35 oyunda iki qol və dörd assistə imza atıb. 20 yaşlı vinger Avropa çempionatının qrup mərhələsində Rusiya qapısından keçirdiyi baxımlı qolla diqqət çəkmişdi.