Zlatan İbrahimoviç karyerasını "Milan"da davam etdirməyə razıdır.
Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, bu barədə 39 yaşlı hücumçunun özü məlumat verib. "İbra" Paolo Maldini lazım biləcəyi halda "Milan"la yeni anlaşmaya imza atacağını bildirib: "Komandanın lideri olduğumun fərqindəyəm. Mən "Milan"a fayda vermək üçün gəlmişdim və verdiyim sözü tutmaq üçün bacardığımı edirəm. Komanda yoldaşlarım kiçik qardaşlarımdır. Onlara nəsə deyəndə mənə "oldu, biz bunu edəcəyik" cavabını verirlər. Bir günümü onlarsız keçirəndə elə bilirəm övladlarımdan uzaq düşmüşəm.
"Milan"dakı gələcəyim? Bunu gələcək göstərəcək. Paolo Maldini qalmağımı istəsə, "Milan"la yeni müqavilə bağlayacağam".
Qeyd edək ki, İbrahimoviç cari mövsümdə "Milan" formasında meydana çıxdığı 21 görüşdə 16 qol vurub, 2 məhsuldar ötürmə verib.