İtaliya millisinin sabiq üzvü Antonio Kassano "Yuventus"un Kriştiano Ronaldonu almaqla səhvə yol verdiyini deyib.
Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, ötənlərin məşhur hücumçusu Ronaldonun gəlişindən sonra "Yuve"nin oyun planında gerilədiyini bildirib: "Yuventus" Ronaldonu Çempionlar Liqasını qazanmaq üçün almışdı. Lakin onun gəlişindən sonra komandanın oyunu məhv olub. "Yuventus" Ronaldosuz da İtaliya çempionu ola bilərdi. Ronaldonun "Yuventus"a transferi provaldır. Üstəlik, Kriştianonun Pirlo ilə ortaq heç nəyi yoxdur. Pirlo bütün futbolçuların pressinq etməsini istəyir. Ronaldo hücumlardafəal iştirak etsə də, pressinq etməyi bacarmır".
Kriştiano Ronaldo 2018-in yayında 117 milyon avro qarşılığında "Real"dan "Yuventus"a transfer olunmuşdu. Onun gəlişindən sonra Turin təmsilçisi iki dəfə ölkə çempionu olub, iki dəfə İtaliya superkubokunu qazanıb.
Qeyd edək ki, Kassano vaxtilə "Roma", "Real", "İnter", "Milan", "Parma", "Sampdoriya" kimi komandaların şərəfini qoruyub.