Çətin günlərini yaşayan "Fiorentina" rusiyalı futbolçu ilə güclənib.
Offsideplus.az xəbər verir ki, Rusiya millisinin və "Spartak"ın hücumçusu Aleksandr Kokorin karyerasını İtaliyada davam etdirəcək. "Fiorentina" ilə "Spartak" arasındakı transfer danışıqları müsbət sonuclanıb. Rusiyalı həmkarlarımızın məlumatına görə, 29 yaşlı futbolçunun keçidi Florensiya təmsilçisinə 4,5 milyon avroya başa gəlib. Kokorin İtaliyaya yollanaraq, tibbi müayinədən keçib. Yaxın saatlarda "Fiorentina"nın rəsmi məlumat yayacağı gözlənilir.
Qeyd edək ki, "bənövşəyilər" 19 oyundan sonra 21 xal toplamaqla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komandanın 19 oyuna 20 qol vurması hücum xəttindəki problemdən xəbər verir.