Antonio Konte bu mövsüm “İnter”lə debüt ilini yaşayarkən, klub həm Seria A-da, həm də Avropa Liqasında ikinci oldu.
Offsideplus.az xəbər verir ki, “İnter”in baş məşqçisi Antonio Konte gələn mövsüm "San-Siro"da qalacağından əmin olmadığını bildirib.
Ötən gün “Sevilya”ya 3:2 məğlub olduqları final matçından sonra Konte bunun onun üçün son matç ola biləcəyini deyib.
“Gələn həftə klub rəhbərliyi ilə görüşəcəm və gələcəyim haqda bir qərar veriləcək. Gələn mövsüm “İnter”ə baş məşqçilik edəcəyimdən əmin deyiləm”.
A Seriyanın bu mövsümü başa çatdıqdan sonra Konte klub rəhbərliyi tərəfindən tənqid altında olduğunu bildirib:
“Nə futbolçuların, nə də mənim ortaya qoyduğum iş bəyənilir. Hamımız klubdan çox az dəstək aldıq, tamamilə sıfır dərəcəsində”.
“İnsanların qalib komandaya üstünlük verməsi xoşuma gəlmir - yaxşı günlərdə də, pis günlərdə də komandanın yanında olmalıdırlar. “İnter”də isə vəziyyət belə deyildi, çox təəssüf edirəm”, - deyə baş məşqçi bildirib.