“Yuventus”un baş məşqçisi Maurisio Sarri İtaliya kubokunun yarımfinal mərhələsində “Milan”a qarşı keçirilən ilk oyundan (1:1) sonra görüşlə bağlı fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, o, komandasının eniş dövrü yaşadığını etiraf edib:
“Verona” ilə uğursuz oyunun ardından kubokun ilk görüşündə sərfəli nəticə qazandıq. Müdafiədə pis olmasaq da, hücumda zəif idik. 15 gün öncə komandam daha yaxşı oyun göstərirdi. İndi isə nisbətən zəif çıxış edirik. Ancaq buna görə narahat deyiləm. Çünki həyatda narahat olunası tək şey sağlamlıqdır. Bu isə futboldur. Bəlkə də qarşıdakı 15 gündə daha yaxşı çıxışlarımız olacaq. Bəzən belə eniş dövrləri ola bilir. Hər şeyə rəğmən, ilk görüşdən yaxşı nəticə qazandığımızı düşünürəm”.
Qeyd edək ki, “Yuventus” A Seriyasının sonuncu turunda səfərdə “Verona”ya 1:2 hesabı ilə məğlub olub. Son günlərdə isə İtaliya mətbuatında Sarri ilə yolların ayrılacağı yazılır. Onu bu postda Qvardiolanın əvəzləyəcəyi barədə fikirlər səsləndirilir.