"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç BBC-yə müsahibəsində "Milan"a keçidi ilə yanaşı, komanda yoldaşı Zlatan İbrahimoviç haqda da danışıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı bosniyalı qolkiper "Milan"ın təklifini dərhal qəbul etdiyini bildirib: "5 dəqiqəyə qərar verdim. Çox seçimim var idi, amma "Milan"dan zəng gəldi və dünyanın ən böyük klublarından birində oynamaq şansım oldu. Bu fürsət əlimə düşən kimi dərhal qəbul etdim. "Milan" liderliyə və təcrübəyə ehtiyacı olan gənc komandadır. Həm meydanda, həm də kənarda öz töhfəmi vermək üçün buradayam. Zlatan isə kollektivə liderlik gətirdi. Möhtəşəm insandır və çox peşəkardır. Hər kəs üçün nümunədir. O, hamını əllərindən gələnin ən yaxşısını etməyə məcbur edir".

Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç mövsümün birinci yarısını icarə əsasında "Qarabağ"da keçirib. Ötən ay "Milan"a da icarə ilə keçən qapıçı  mövsümün sonunadək İtaliya təmsilçisində çıxış edəcək.