“İnter”in futbolçusu Raca Nainqqolanın şok səs yazısı ortaya çıxıb.
Offsideplus.az xəbər verir ki, intizamsız hərəkətlərinə görə heyətdən kənarlaşdırılan belçikalı yarımmüdafiəçi mediaya düşən səsyazmasında dostuna yenidən sabiq komandası “Roma”ya qayıtmaq istədiyini deyib. Bu zaman o, kəskin ifadələrdən istifadə edib:
“Burada (“İnter”də - red.) ortalığı qarışdırıb, xaos yaradaram. “Roma”ya qayıtmaq istəyirəm. Françesko Tottinin dostuyam və o, mənim yenidən komandaya qayıtmağım üçün təzyiq edə bilər. Amma geri dönmək üçün ilk öncə, burada ortalığı bir-birinə vurmalıyam. Xaos vəziyyəti yaratmalıyam ki, məni buraxsınlar”.
30 yaşlı futbolçu “İnter” azarkeşlərinin ünvanına nalayiq sözlər də söyləyib: “Əvvəlcə məni tənqid edirlər, sonra meydana çıxıb, özümü göstərəndə hamı susur. Bunu həmişə sübut etmişəm. Bir gün gəlib yalvaracaqlar, qayıtmağım üçün ayağımın altın yalayacaqlar. Amma o vaxt onların hamısının dalına təpiyi vuracağam”.
Qeyd edək ki, R. Nainqqolan mövsümün əvvəlində “Roma”dan “İnter”ə 38 milyon avroya transfer olub.(qol.az)