"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Bu, "köhlən atlar"ın "futbol ili"ndə ilk rəsmi matçı olacaq. Heyətinin özəyini qoruyub saxlamağı bacaran Ağdam təmsilçisindən bu il gözləntilər böyükdür. Bəs, mütəxəssislər bu barədə nə düşünür? Sualımızı "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Cavad Mirzəbəyliyə ünvanladıq. Çalışdırıcı Offsideplus.az-a açıqlamasında bugünkü matçla bağlı düşüncələrini bölüşdü:
"Qarabağ"ın ilk oyunudur. Bir növ yeni "futbol ili"nə start verir. Başlanğıcın qələbə ilə olmasını arzulayırıq. Düşünürəm ki, "Qarabağ" bu gün qalib gələcək. Düzdür, rəqibi zəif görmək olmaz. Təbii ki, Qurban müəllim bütün məqamları nəzərə alıb. Komandamız hər zaman olduğu kimi, bu oyunda da özünəməxsus tərzdə meydanda çıxış edəcək və inşallah qələbə qazanacaq".
Mütəxəssisə "əsas heyətdə hansı qapıçıya şans verilməlidir?" sualını ünvanladıq:
"Bu barədə fikir bildirməyim etik olmaz. Təbii ki, hər şeyin ən yaxşısını Qurban Qurbanov bilir. O, oyun saatına qədər meydanda kimin olacağını müəyyənləşdirəcək".