"Məncə yeni versiya əvvəlkinə nisbətən uğurlu olacaq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Səbuhi Səfiyarlı avrokubokların yeni və ənənəvi sistemləri arasındakı fərqlər haqqında danışarkən bildirdi.

Mütəxəssis yeni formatın üstünlüklərini qeyd etdi:

"Yeni formatda daha çox rəqiblə üz-üzə gəlirsən, fərqli komandalarla qarşılaşırsan, daha çox oyun keçirirsən. Klubların daha çox pul qazanmaq şansı var. Azarkeşlər fərqli komandalar izləyə biləcək. Bu kimi amilləri nəzərə alsaq yeni formatın maraqlı tərəfləri çoxdur. Məncə yeni versiya əvvəlkinə nisbətən uğurlu olacaq. Amma, yenə də reallıqda izləmək lazımdır". 

S. Səfiyarlı "Qarabağ" üçün Avropa Liqasının uyğun olduğunu söylədi:

"Çempionlar Liqası formatdan asılı olmayaraq Avropa Liqasından daha çətindir. "Qarabağ" üçün Avropa Liqası rahatdı, bu turnirdə daha çox təcrübəsi var. Ordakı rəqiblər  demək olar ki, "Qarabağ"la eyni səviyyədədir. Təmsilçimizə Avropa Liqasında qrupdan çıxmaq daha rahat olar. Amma, Çempionlar Liqasında oynamaq ayrı bir prestijlidir, daha maraqlıdır, rəqiblər daha güclüdür. Ona görə də məncə Çempionlar Liqasında oynaması daha yaxşı olar". 

Mütəxəssis "Qarabağ"ın yeni liqa variantındakı nəticələrinin əvvəlki ilə eyni səviyyədə olacağını vurğuladı:

"Nəticə baxımından "Qarabağ"ın istər yeni formatda oyunu, istərsə də köhnə versiyada oynaması nəticəyə çox fərq etməyəcək. Güclü komandalar yenə də öz sözlərini deyəcəklər. Rəqiblərdən çox şey aslıdır".