Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Qarabağ" "Ludoqorest"in səfərdə 7:2 hesabı ilə darmadağın etdi. 

Fantastik nəticə bütün Avropada səs-küyə səbəb oldu. 

Komandamızın qələbəsini şərh etməsi üçün Bəxtiyar Musayevə müraciət etdik. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Qarabağ"ı möhtəşəm qələbə münasibəti ilə daha təbrik edirəm. Qurban Qurbanovun kollektivi bizə bu cür gözəl və sevindirici anlar yaşatdılar. Oyunun nəticəsi doğrudan da fantastik oldu.

Qələbə qazanacağımıza şübhə etmirdim. Bakıdakı oyunda şanssızlıqlar yaşanmışdı və yaradılan qol epizodlarından istifadə edilməmişdi. Rəqibin çirkin hərəkətləri hakim tərəfindən göz ardı edilmişdi. 

Hakimlər səfərdə normal idi. "Qarabağ" isə əlinə düşən fürsətləri dəyərləndirdi. Rəqib yenidən çirkin əməllərə əl atmağa cəhd edə bilmədi.

"Qarabağ"ın futbolçuları çox yaxşı oynadılar. Rəqib bəzən hiylələrə əl atsalar da, bu, komandamıza müsbət təsir etdi.

İndi qarşıda "Dinamo" ilə görüşlər var. Uğurlar arzulayıram. İnşallah, biz sevilən tərəf olarıq və "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində yer alar. Növbəti rəqib çox təcrübəlidir və illərdir Çempionlar Liqasının qruplarında çıxış edir. Güclü klublara qarşı oynayır və hər il böyük məbləğlərə yeni futbolçular transfer edir. Bir sözlə, "Dinamo" ilə qarşılaşma asan olmayacaq. Ancaq "Qarabağ" bizi böyük oyunlarda həmişə təəccübləndirir. Ümid edirəm ki, bu qarşılaşmalarda da gülən tərəf biz olarıq və "Qarabağ" komandası güclü "Dinamo"nu hər iki oyunun nəticəsində üstələyər. Yenidən Çempionlar Liqasının səviyyəsini Bakıda hiss edərik".