UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” (İsveçrə) arasında keçiriləcək ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında Azərbaycan klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı ilk öncə sabahkı görüş barədə fikirlərini bildirib.

 "Bu matçın hazırlığını keçməyə bir həftə vaxtımız var idi. Çalışdıq ki, bu vaxtdan səmərəli istifadə edək. Bizim rəqib komanda haqqında məlumatımız az idi. “Sürix” çempionatda keçirilən ilk matçda 0:4 uduza bilər, amma bu bizi aldatmalı deyil. Çox yaxşı komandaya qarşı oynayacağıq. Diqqətli olmalıyıq. Rəqib fərqli oyun sitilində oynayır. Matç boyu konsentrasiyanı itirməməliyik. Onları yaxından tanımırıq. Oyunun gedişində onları daha yaxından tanıyacağıq. İlk görüşlər həmişə rəqibi tanımaqdan ötrü çox vacibdir. Rəqib geridə qalan mövsüm İsveçrə çemopionluğunu sona 4 tur qalmış  təmin edib. Bu da onların nə qədər güclü komanda olduğundan xəbər verir. Bildiyim qədərilə klub keçən sezon 89 qol vurub. Bu, da az rəqəm deyil. Hücum futbolu oynamalıyıq, amma müdafiədə də həddən artıq diqqətli olmalıyıq. Öz oyunumuzla yanaşı, rəqib komandanın hücumlarına da hazır olmalıyıq.

- “Sürix”də baş məşqçi dəyişikliyi olub, komandanı tərk edən bir çox futbolçusu var. Bunlar sizə üstünlük verirmi?

- Dəyişikliklərin həm mənfi, həm də müsbət effektləri olur. Gələn mütəxəssis çox təcrübəlidir. Komandanın sistemində dəyişiklik olduğunu deyə bilmərik. Keçən mövsüm də eyni  üslubda çıxış edirdilər. Bu gün avropada klublar elə səviyyədədir ki, gedənlərin yerini doldurmaqda çətinlik çəkmirlər. Hər bir halda rəqibə qarşı inamlı mübarizə aparmalıyıq. Bu cür komandalara qarşı çox oynamışıq. Amma “Sürix” irəli xətdə tam fərqli oyun göstərir. İlk matçda buna görə əziyyət çəkə bilərik. Rəqibi yaxından təhlil etməyə çalışmışıq. Kiminsə getməsi, qalması və ya baş məşqçi ilə bağlı söhbətlər bizə problem yarada bilər. Oyunumuzu yaxşılaşdırmağın yollarını fikirləşməliyik.

- Komandaya yeni cəlb olunan Julio Romao Patrik Andradeni əvəz edə biləcək?

- O, cəmi 1 gündü ki, bizimlədir. Belə fikirimiz yoxdur ki, gedən futbolçunun yerini mütləq kiminləsə dolduraq. Bundan əvvəlki matçlarda da Qara, Andrade yox idi, amma onları əvəz edə bildik. Amma buna baxmayaraq, görürük ki, yeni futbolçulara ehtiyacımız var. Gələn futbolçuya desək ki, Andrade kimi çıxış etməlisən, düzgün olmaz. Onun üstün cəhətlərindən faydalanmalıyıq. Fərqli tipdə oynayan oyunçudur. Amma ona bir az zaman vermək lazımdır. Ona görə ki, Julio son 12 gün məşq edə bilib. Bura gələn futbolçuların ustalıq səviyyəsini artırmağa çalışırıq.  Gələn oyunçu bura avropa klublarından gəlsə də, Çempionlar Liqası, avrokuboklar başqa səviyyədir. Buna uyğunlaşamq elə də asan məsələ deyil. İnanıram ki, klub üçün faydalı transfer olacaq.

- Kollektivdə arxayınlıq olacağından narahat deyilsiz?

- Belə halın baş verəcəyinə inanmıram. Hələ təzə  başlamışıq. Hər kəs bu turnirin nə qədər ciddi olduğunu bilir. UEFA Çempionlar Liqası digər turnirlərdən fərqlənir. Gərginlik baxımından, fiziki və psixoloji cəhətdən yorğunluq çox olur. Bütün oyunçular yaxşı bilir ki, arxayınlaşmaq olmaz. Çox istərdim ki, sabah komanda əvvəlki matçdan daha yaxşı oyun göstərsin və daha motivasiyalı olsunlar.

- Sabahkı  matça olan biletlərin hamısı satılıb qurtarıb. Keçən dəfə ki, oyunda qazanılan nəticə, motivasiya, azarkeş dəstəyinə görə komandanızın favorit olduğunu söyləmək olar?

- Bunların hər biri bizi sevindirir. Biletlərin hamısının satılması azarkeşkərin bizə nə qədər inandığını göstərir. Belə görüşlərdə tərəflərdən kiminsə üstün olduğunu düşünmürm. Şansların həmişə bərabər olduğunu demişəm. Üstünlüyümüz odur ki, öz azarkeşlərimiz qarşısında oynayırıq. Qurban Qurbanov davamında onu da qeyd edib ki, həddən artıq istəkli olmaq futbolçunu yandıra bilər. Bu da səhvlərlə nəticələnə bilər. Özlüyündə sarı, qırmızı vərəqələrin verilməsi ilə nəticələnə bilər. Ümumən şansları bərabər dəyərləndirirəm. Rəqib komanda ölkəsinin çempionudur. Azarkeşlərin bizim yanımızda olması, sevindirici haldır. Futbolçular azarkeş önündə böyüyür, inkişaf edir. İnanmaq istəyirəm ki, bütün görüşlərdə stadionlar dolu olsun. Belə amillər inkişaf üçün çox vacibdir.