Dünən baş tutan "Yuventus" - "Ferentsvaroş" qarşılaşmasında meydan sahibləri çətinliklə də olsa qələbə qazanmağı bacardılar - 2:1.
Oyunun qəhrəmanı isə, heç şübhəsiz, macarların qapısına hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə yol tapan Alvaro Morata oldu.
Offsideplus.az xəbər verir ki, ispan forvard oyundan sonra UEFA-nın rəsmi saytına matçla bağlı fikirlərini bölüşüb. Morata zəif rəqibə söz atmağı özünə borc bilib: "Adama elə gəlirdi ki, 20 il əvvəlin futboludur. "Ferentsvaroş" konkret müdafiə olunurdu. Çempionlar Liqasında hər görüşün nəticəsi önəmlidir. Ona görə də burda heç də bütün komandalar müdafiə olunmur, hücum etməyi bacaranlar da var. Qalib gəldiyimizə görə sevinirik. İndi əsas məqsədimiz "Barselona"nı liderlikdən məhrum etməkdir".
Qeyd edək ki, "Yuventus"un aktivində 4 oyundan sonra 9 xal olsa da, bütün oyunları qalib başa vuran "Barselona" 12 xalla ilk pillədə yer alıb.