2 gün davam edən 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi bu gün başa çatdı. 16 çəki dərəcəsi üzrə 62 klub, cəmiyyət və idman təşkilatından 216 cüdoçu mübarizə apardı, medallarını qazandı, bəziləri əliboş evə döndü.

Görüşləri həm tamaşaçı tribunasından, həm də media sektorundan izlədim. Təəssüf ki, bu kimi turnirlər bir çoxları üçün "böyük" hesab olunmur. Halbuki yarışan cüdoçular bir gün "ən böyük" olmaq hədəfi ilə tatami üzərinə çıxır. Sabahımızın Avropa və dünya çempionatı, olimpiya medallarını da məhz onlar bizə qazandıracaq.

Azarkeş tribunasından baxanda fərqinə vardım ki, ağ-göy cüdogiləri toza, qana bulaşsa da, əksəriyyətinin qəlbi tər-təmizdir. Uğursuzluqdan və məlum olmayan, lakin təxmin edilə bilən bir çox şeydən qorxurlar. Güclüdürlər. Qaliblər rəqiblərini təsəlli etməkdən boyun qaçırmır, uduzanlar sonra dostları ilə birlikdə gülməyə güc tapır.

Peşəmi yerinə yetirib, qarşı tərəfdən onları izləyəndə həyəcanlı olduqlarını gördüm: Dostu ilə birgə qazandıqları qızıl medalların eyforiyasını yaşayan qızdan tutmuş, 600-dən çox balla universitet tələbəsi olan oğlanına kimi. Tələsdirilirlər. Cəmiyyət - ailə, məşqçi, media (halbuki beynəlxalq turnirlərdə uğursuzluğu əlində bayraq edən mətbuatı bu turnirdə görmədik) - tərəfindən üzərlərində təzyiq olan bütün bu uşaqları bağrıma basıb, qucaqlamaq istəyirəm.

Yuxarıda qeyd etdiyim kimi, gələcəkdə böyük olacaqlar. Hər birinin hədəfi beynəlxalq turnirlərdə uğur qazanıb, Azərbaycan adına qızıl medal əldə etməkdir. Azdan-çoxdan buna nail olacaq potensialları da var. Sadəcə onlara dəstək göstərilməli, özlərinə inamı bərpa edəcək və ya 0-dan yaradacaq təhlükəsiz bir mühitin qurulması lazımdır. 

Günay Xəlil