"Beşiktaş"ın baş məşqçisi Ole Qunnar Sulşer, Slaven Biliçdən sonra "ağ-qaralar"ı Süper Liqada ardıcıl 4 qələbəyə daşıyan ilk əcnəbi baş məşqçi olub.

Offsideplus.az xəbər verir ki, 26-cı turda Türkiyə nəhəngi doğma meydanda "Kayserispor"u 2-0 hesabı ilə məğlub edib. Bu nəticə ilə liqada ardıcıl dördüncü qələbəsini qazanan İstanbul təmsilçisinin baş məşqçisi Ole Qunnar Sulşer, uzun fasilədən sonra bir ilkə nail olub.

Sonuncu dəfə "Beşiktaş" 2014-2015 mövsümündə Slaven Biliçin rəhbərliyi altında liqada ardıcıl 4 qələbə qazanmışdı. Həmin mövsümdə komanda 17-20-ci turlar arasında "Gənclərbirliyi", "Mersin İY", "Çaykur Rizəspor" və "Bursaspor"u məğlub etmişdi.

Bundan sonra "Beşiktaş" Valerien İsmael, Fernando Santos və Covanni van Bronkhorstun rəhbərliyi altında liqada ardıcıl 4 qələbə qazana bilməmişdi. İsmael və Bronkhorst maksimum 3 oyunluq qalibiyyət seriyası əldə edə bilmişdi.