"Baş məşqçimiz Joze Mourinyonun oyundan sonra dediyi sözlər təhrif olunub. Əqli baxımdan sağlam olan hər kəs anlayır ki, rəqib komandanın texniki heyətinin hakim qərarlarına həddən artıq etirazına aid edilən bu ifadələrdə heç bir irqçilik əlamətləri yoxdur".
Offsideplus az xəbər verir ki, bu sözlər "Fənərbağça" rəhbərliyinin yaydığı bəyanatda yer alıb.
Dünən keçirilən İstanbul derbisindən sonra (0:0) "Qalatasaray" rəhbərliyi "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyonu irqçilikdə günahlandırıb. "Fənərbağça"nın cavabı isə çox gecikməyib: "Mourinyonun çıxışını irqçilik kimi qələmə verməkdə başqa məqsədlər güdülür. Bu, rəqabəti meydançadan kənara çıxarmaq, gündəmi dəyişmək və manipulyasiya etmək üçün atılan aciz iftiradır. Hüquqlarımızı sonadək qoruyacağıq".
Xatırladaq ki, Mourinyo qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında "Rəqib komandanın ehtiyat oyunçular skamyasındakı hər kəs meymun kimi tullanırdı" ifadəsini işlədib.