"Qələbə qazana bilmədiyimizə görə məyusuq. Rəqibin 88-ci dəqiqədə "çərçivə"yə düşən bir zərbəsi var. "Qalatasaray" doğma meydançada oynayasa da, künc zərbəsi yarada bilmirdi, zərbələrin sayı isə bir oldu". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Fənərbağça"nın vitse-prezidenti Acun İlicalı dünən "Qalatasaray"a qarşı keçirilən oyundan (0:0) sonra deyib.

Məşhur iş adamı mətbuat konfransında daha çox hakimlər barədə danışıb. O, sloveniyalı hakimlər briqadasının idarəçiliyindən narazı qalan "Qalatasaray" rəhbərliyini kəskin tənqid edib: "Oyundan əvvəl "əcnəbi hakimlər olsunmu?" sualına "bizə fərq etməz, hakim lap kosmosdan" gəlsin demişdiniz. Türkiyə Futbol Federasiyası Çempionlar Liqasının finalını idarə etmiş, Sloveniyanın Maribor şəhərindən olan hakimlə anlaşdı. Bizim onunla nə əlaqəmiz var?  Acunun Mariborda komandası var ki? İndi sizdən soruşuram: məgər Türkiyədə hansı hakimin hansı komandaya azarkeşlik etdiyini bilmirsiniz? "Qalatasaray"lı hakim bizimlə oyunu idarə edə bilərmi? Və ya əksinə: "Fənərbağça"ya rəğbəti olan hakimin "Qalatasaray"la oyunda nə işi var?  Bu nə dərəcədə doğrudur? Məsələn, İngiltərədə hakimdən soruşurlar: "hansı komandanı dəstəkləyirsən?". Deyir: "Mən "Mançester Yunayted"liyəm. Onda həmin hakimi "Mançester Yunayted"in oyununa təyin etmirlər. Çempionlar Liqasının finalında olmuş hakim İstanbul derbisində qeyri-obyektivlik edə bilər fikirlərini eşidirəm. Mən bu iddialara gülürəm".

Acun İlicalı Türkiyə Superliqasında hakim problemi olduğunu söyləyib: "Əgər Superliqada əcnəbi hakimlər olsaydı, indi "Qalatasaray"la heç xal fərqimiz olmazdı. Niyə çempionatda bizdən 6 xal irəlidə olan komanda Avropa Liqasında 6 matç ardıcıl qələbə qazana bilmədi? Hansı klublara qarşı oynadılar? "Mançester Yanayted", "Mançester Siti", yoxsa "Real Madrid"ə qarşı? Avropanın ortabab komandalarını məğlub edə bilmədilər. Bilirsiniz niyə? Çünki Superliqada 15 dəfə özlərini yerə atırlar, belə öyrəşiblər. Buradakı hakimlərə alışmısnız. Avrokuboklarda isə hakimlər heç nədən yerə yıxılanda qayda pozuntusu qeydə almır. Ona görə də Avropada uğur qazana bilmirsiniz".

"Fənərbağça" rəsmisi baş məşqçi Joze Mourinyonun "Qalatasaray"la matçdan sonra hakimlər otağına girməsini də normal hal kimi qiymətləndirib: "Bunda qeyri-adi nə var? "Anderlext"lə görüşdən sonra da hakimlər otağına getdik, mədəni insanlar kimi onlara təşəkkürümüzü bildirdik. Bu, bir etik davranışdır. Biz həmişə ədalət istəyirik. Bu gün bir neçə mübahisəli məqam var iidi. Penalti epizodu olduğu deyilir. Hakim həmin mövqeyə yaxın idi, o, necə lazımdırsa, elə də qərar verib. Bizdə də Ən-Nəsriyə qarşı meydançanın ortasında qayda pozuntusu var idi. Mən elə düşünürəm, amma hakimlər fərqli. Bir məqama da diqqət yetirin: niyə bu gün künc zərbəsi yetirərkən, rəqibin azarkeşləri futbolçularımıza yad əşyalar atmadılar? Çünki hakim əcnəbidir. Gücləri tribunada məşəl yandırmağa çatdı. Biz türk hakimlərin də idarəçiliyini görmüşük. Ötən il keçirilən oyunun 20-ci dəqiqəsində futbolçumuzu haqsız yerə meydançadan qovdular. 10 nəfərlə necə oynayasan? Necə düşünürsünüz, "Beşiktaş"la oyunda hakimlər əcnəbi olsaydı, "Qalatasaray" qalib gələ bilərdimi?".

Qedy edək ki, "Qalatasaray" - "Fənərbağça" matçının baş hakimi sloveniyalı Slavko Vinçiç olub.