Bu gün Türkiyə Superliqasında 2025-ci ilin lk derbisi baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Rams Park" stadionunda çempionatın lideri "Qalatasaray" əzəli rəqibi "Fənərbağça"nı qəbul edəcək.
Tərəflər arasında həmişə olduğu kimi, cari mövsümdə də gərgin mübarizə gedir. Çempionluq uğrunda amansız yarışda "Cim Bom" 63 xalla 1-ci, "Fənərbağça" isə 57 xalla 2-ci sırada qərarlaşıb. Bu baxımdan bugünkü derbini "6 xallıq oyun" adlandırırlar. "Sarı-lacivərdlilər" "Qalatasaray"la xal fərqini azaltmaq üçün yaxşı şans qazanıblar. Meydan sahiblərinin qələbəbəsi isə qızıl medlların taleyini böyük ölçüdə həll edə bilər.
İstanbul derbisindən öncə komandaların düşərgələrində fərqli ab-hava hökm sürür. Belə ki, Avropa Liqasında 1/8 finala yüksələn "Fənərbağça" Superliqada ardıcıl 8 oyundur qalib gəlir. Joze Mourinyonun komandası axırıncı dəfə ötən il dekabrın 11-də "Atletiik" (Bilbao) ilə görüşdə məğlubiyyət acısı dadıb. "Qalatasaray" isə Avroliqada "Anderlext"lə uğursuz oyunlardan sonra hələ də özünə gələ bilməyib.
Türklərin timsalında desək, günün "dev" matçında "sarı-qırmızılılar"ın qələbə şansları cüzi də olsa, yüksək qiymətləndirilir. Hərçənd, komanda heyət baxımından da çətinliklə üzləşib. Zədə səbəbindən Alvaro Morata, İsmil Yakobs və Mauro İkardi meydançaya çıxa bilməyəcəklər. Əvəzində, "Fənərbağça" demək olar, ideal "11-lik"lə rəqibə qarşı mübarizə aparacaq. Yalnız zədəli İsmail Yüksek və Dieqo Karlos heyətdən kənar qalıb.
Futbolçulardan söz düşmüşkən, artıq komandaların təxmini heyətləri də açıqlanb:
"Qalatasaray": Muslera, Kuesta, Sançes, Abdulkarim, Frankovski, Torreyra, Sara, Barış Alper, Mertens, Ahmet Kutucu (və ya Yunus Akgün), Osimhen
"Fənərbağça": İrfan Can, Mert Müldür, Şkrinar, Levent, Ciku (və ya Amrabat), Şimanski, Fred, Oğuz, Tadiç, Edin Ceko, En-Nasri
Qeyd edək ki, bu, tərəflər arasında 402-ci qarşılaşma olacaq. 1909-cu ildən başlanan derbilərdə "Fənərbağça" 149, "Qalatasaray" isə 129 dəfə qələbə qazanıb, 123 görüş heç-heçə başa çatıb. Topların fərqi də "sarı-lacivərdlilər"iin xeyrinədir: 542-500.
Onu da əlavə edək ki, oyun Bakı vaxtı ilə saat 21-də start götürəcək.Ədalət prinsipini qorumaq məqsədilə Türkiyə Futbol Federasiyası qarşılaşmanı sloveniyalı Slavko Vinçiçə tapşırıb. Derbilər tarixində 18-ci dəfə oyunu əcnəbi hakimlər idarə edəcəklər.