Azərbaycan millisi və "Araz-Naxçıvan" klubunun üzvü Bəxtiyar Həsənalızadə Türkiyənin "Tuzlaspor" klubuna qarşı məhkəmədə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu İstanbul təmsilçisini 3 aylıq maaşını ödəmədiyi üçün şikayət etmişdi.
Oyunçunun vəkili, hüquqşünas Elcan Həsənli məhkəməni udduqlarını açıqlayıb:
"Nümayəndəsi və vəkili olduğum Bəxtiyar Həsənəlizadənin Türkiyənin "Tuzlaspor" klubuna qarşı işi üzrə FİFA-nın Mübahisələrin Həlli Palatası tərəfindən qərarı diqqətinizə çatdırıram. Çox sevindirici haldır ki, iddia tələbimiz demək olar, bütünlüklə qəbul edilib. FİFA-nın qərarına əsasən "Tuzlaspor" tərəfindən milli oyunçumuza kompensasiya ödənilməlidir".
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm "Tuzlaspor"un heyətində 20 matçda meydana çıxıb. Bu görüşlərdə 1 qol vurub, 1 məhsuldar ötürmə edib.