"Çelsi"nin futbolçusu Pyer-Emerik Obameyanq karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə Türkiyənin "Fənərbağça" klubu maraqlanır. Səudiyyə Ərəbistanı, Qətər və ABŞ klublarının da transfer siyahısında olan futbolçu "Çelsi"dən ayrılmaq istəyir. 

Ərəblər Obameyanq üçün yüksək məvacibli transfer təklifi etsələr də, oyunçu karyerasını Avropada davam etdirməyi düşünür.

Hücumçu ilə La Liqadan "Barselona" və "Atletiko Madrid" klubları da yaxından maraqlanır. "Barselona"nın maliyyə problemləri olduğu üçün Pyer-Emerikin bu kluba keçidi mümkünsüzdür. "Fənərbağça" isə "Atletiko"nun təklifinə qarşı Obameyanqa start heyətdə şans təklifi irəli sürə bilər. 

"Fənərbağça" "Qalatasaray"la derbidən sonra futbolçuya rəsmi təklif göndərəcək.