Mövsümün sonunda "Fənərbağça" ilə müqaviləsi başa çatacaq Jorje Jesusun komanda da qalıb-qalmayacağı bəlli olmadığı üçün klub rəhbərliyi indidən siyahısında yer alan yeni baş məşqçi namizədləri ilə danışıqlar aparmağa başlayıb.
Offsideplus.az Braziliyanın "UOL Esporte" nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq Braziliya millisində işləyən Tite ilə danışıqlar masasına əyləşib. Xəbərə görə, təcrübəli çalışdırıcı ilə Yunanıstandan "Olimpiakos", Səudiyyə Ərəbistandan "Əl-Hilal" və Yaponyadan adı açıqlanmayan bir təmsilçi də maraqlanır.
Bir müddət öncə Braziliyanın "Korintians" klubunun təklifini qəbul etməyən Titenin Avropadan gələn təklifləri ilk seçim olaraq dəyərləndirəcəyi bildirilir.
Qeyd edilir ki, "sarı-lacivərtlilər" braziliyalı mütəxəssislə anlaşma əldə edə bilsə, onda çalışdırıcı özü ilə ölkəsindən olab bir ulduz futbolçunu - Roberto Firminonu gətirə bilər. Mənbəyə görə, Tite Braziliya "transfer bazarından" bir çox gənc və ulduz futbolçuların "yolunu" "Fənərbağça"ya sala bilər.
Xatırladaq ki, "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatan və "qırmızılar"dan azad agent kimi ayrılacaq olan hücumçu daha öncə də Super Liqa təmsilçisinin gündəminə gəlmişdi.
Fəqan İbrahimli