"Fənərbağça" DÇ-2022-də özündən yaxşı mənada söz etdirməyi bacaran Xorvatiya və Zaqreb "Dinamo"sunun qapıçısı Dominik Livakoviçi transfer etməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi qolkiperin meneceri ilə razılığa gəlib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Mənbəyə görə, 3-4 həftə öncə Türkiyədə baş tutan görüşdə tərəflər arasında anlaşma əldə olunub.
Xorvatiya klubunda 750 min avro qazanan 28 yaşlı futbolçu ilə 1 milyon avro qarşılığında razılıq əldə edildiyi bildirilir. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatır.
Qeyd edək ki, Qətərdə keçirilən mundialdan sonra "Bavariya" və "Mançester Yunayted" kimi nəhəng klubların transfer siyahısına düşən Livakoviçin sözləşməsindəki sərbəst qalma məbləğinin 9 milyon avro olduğu vurğulanır.
Fəqan İbrahimli