Super Liqanın qalibi olub, ölkə kubokunu başı üzərinə qaldıran "Beşiktaş"da bütün diqqətlər transfer çalışmalarına yönəlib.

Məqsəd Çempionlar Liqasında mümkün qədər irəliləmək, Türkiyəni avrokuboklarda layiqincə təmsil etməkdir. 

Offsideplus.az "Aspor"a istinadla xəbər verir ki, "qara qartal" məşhur adların "ovuna" çıxıb. Düzdür, hamısının keçidini həll etmək mümkünsüz görünür. Lakin Sərgən Yalçının əlindəki transfer siyahısındakı adlar maraq doğurmaya bilməz. Bunlar son mövsümü "Atletiko Mineyro"da keçirən Halk, vaxtilə Donetsk "Şaxtyor"undakı çıxışıyla yadda qalan, son illəri Çində keçirən Aleks Teyşeyra, "Roma"lı Edin Dzeko, "River Pleyt"ə məxsus olub, Avropada oynamaq istəyən Rafael Santos Borre, "Hatayspor"da əla mövsüm keçirən Mame Diuf və Serbiya millisi ilə "Fulhem"in "vuran ayağı" Aleksandr Mitroviçdir. 

Bu adların arasında növbəti mövsümdə "Beşiktaş" formasında görə biləcəyimiz ən real namizədlər Mitroviçlə Aleksdir. İstanbullular Mitroviçi icarəyə götürmək istəyirsə, Teyşeyranın ağ-qara formanı geyinməsi Jozef de Souzaya görə mümkün görünür. Çünki Alekslə Jozef yaxın dost kimi tanınırlar.