"Qalatasaray" PSV ilə iyulun 21-dəki oyuna qədər transfer bombasını partlatmaq niyyətindədir.

Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, "sarı-qırmızılar" xeyli vaxtdır heyətinə qatmağa çalışdığı Paulinyo ilə bütün detallarda razılığa gəlib. Hətta adıçəkilən telekanalda yayımlanan verilişlərin birində 32 yaşlı futbolçunun "Qalatasaray"la yaxın günlərdə müqavilə bağlayacağı bildirilib. Bir neçə təklifi olan Paulinyonun məhz İstanbul təmsilçisini seçməsində Fatih Terim amili xüsusi rol oynayıb. İş burasındadır ki, təcrübəli mütəxəssis rəhbərliyə hansı yolla olur-olsun braziliyalının "Qalatasaray"da olmasının vacibliyini bildirib. 

Futbolçu "El Mundo Deportivo"ya açıqlamasında əsas məqsədinin yenidən Avropada oynamaq, çempionluq sevinci yaşamaq və Çempionlar Liqasında çıxış etmək olduğunu deyib.

Qeyd edək ki, Braziliya yığmasında 56 oyun keçirmiş təcrübəli yarımmüdafiəçi 2017-ci ildə Çin təmsilçisi "Guangzou Evergrande"dən "Barselona"ya 40 milyon avroya transfer olunmaqla yadda qalmışdı.