Az öncə başa çatan "Fənərbağça" - "Ərzurumspor" matçının (3:1) gedişində ilginc hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, qonaqlar hesabda 0:3 geri olduğu anda - 60-cı dəqiqədə baş məşqçi Yılmaz Vural hücumçu Rikardo Qomesi oyuna qoşmaq istəyib. Lakin 29 yaşlı futbolçu bundan imtina edib. Təcrübəli çalışdırıcı dilinin şirin yerinə salsa da, Qomesin "saqqızını oğurlaya" bilməyib ki, yekunda  forvard inadından dönməyib.

Vural oyunsonrası mətbuat konfransında "od püskürüb": "Rikardo Qomesdən xahiş etdim, "sənə ehtiyacımız var, oyuna gir" dedim, "girməyəcəyəm" dedi. Bəzi oyunçularla probemlərimiz var. Əcnəbi mövzusu necə həll olunacaqsa, tezliklə həll olunsa, yaxşıdır. Bəzi futbolçulara söz demək belə mümkün deyil. Arvidas Novikovası əvəzlədik, paltardəyişmə otağında bizə söymədiyi söyüş qalmadı. Rəhbərliyə şikayət edəcəyəm, bu gecə bu iki futbolçunu oteldə qalmağa qoymasınlar. Aşağı liqaya düşəcəyiksə belə, şərəfimizlə düşək. Oyunçuları nazı, kaprizi ilə nə edə bilərik?"

Qeyd edək ki, Rikardo cari Super Liqa mövsümündə 30 matçda 5 qol vurub, Novikovas isə 31 qarşılaşmada 4 dəfə fərqlənib.