"Qalatasaray"ın aparıcı futbolçusuna çevrilən Mustafa Mohamed karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az "Akşam"a istinadla xəbər verir ki, bu barədə Misir mətbuatı xəbər yayıb. Xəbərdə "Mançester Yunayted"in istedadlı hücumçu ilə yaxından maraqlandığı və transfer şərtləri üçün "Zamelek"ə müraciət etdiyi qeyd olunub.

İddiaya görə, "Qalatasaray" yayda 4 milyon avro qarşılığında Mustafaya sahib çıxmaq haqqına sahib olsa da, bu mənada futbolçunun fikri də əsas tutulacaq. Yəni, Mohamed karyerasını Türkiyədə davam etdirmək istəsə, problem olmayacaq. Yox, "Mançester Yunayted"ə üz tutmaq istəsə, "Zamelek"ə qayıdıb, ordan İngiltərəyə yollana bilər. İkinci variantın baş tutmaması üçünsə, "sarı-qırmızılar" hücumçunun transfer pulunu indidən ödəyib, tam hüquqlu sahibinə çevrilməlidir.

Daha bir maraqlı məlumatı isə "Yeni Malatyaspor"un misirli futbolçusu verib. O, "Qalatasaray"dakı həmyerlisinin ingilis dilini öyrəndiyini və yaxın gələcəkdə böyük kluba keçəcəyini bildirib.