Cari mövümdə "Hatayspor"un heyətində sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən Aaron Boupendza yayda iş yerini dəyişəcək.

Offsideplus.az xəbər verir ki, hazırda 18 qolla Türkiyə Super Liqasında bombardirlər cədvəlinə başçılıq edən qabonlu forvarda hədsiz maraq var. Bir müddət öncə adı "Krasnodar"la yanaşı çəkilən "9 nömrə"nin "Fənərbağça" ilə ilkin razılığa gəldiyi deyilir.

Səbəbkar "TRT Spor"a müsahibəsində gələcəyi ilə bağlı danışıb: "Krasnodar"la danışıqlarımız uzun müddəti əhatə etdi, lakin alınmadı. Demək ki, belə olması məsləhət imiş. Bu dəqiqə əsas məqsədim mövsümü ən yaxşı şəkildə başa vurmaqdır. Hazırda məni düşündürən "Hatayspor"la mövsümü ən yaxşı yerlərin birində başa vurmaqdır. Çempionat başa çatandan sonra "Krasnodar", ya da başqa klubla danışıqlar davam edə bilər.

"Hatayspor"la müqaviləm davam edir. Bu müddətdə başqa işlərlə məşğul olmaq istəmirəm. Əlbəttə, digər klubların mənimlə maraqlanması xoş hisdir. Türkiyə Super Liqasını bəyənirəm. Burada oynamaqdan həzz alıram. Karyeramı Türkiyədə davam etdirəcəmmi? Bu barədə danışmaq üçün tezdır. Dediyim kimi, bütün diqqətimi "Hatayspor"a və oyunlara yönəltmişəm".

Qeyd edək ki, 24 yaşlı futbolçu ötən ilin yayında Portuqaliya Sequndasında mübarizə aparan "Feyrense"dən "Hatayspor"a keçmişdi. Boupendza 5 illik peşəkar karyerasında ilk dəfədir yüksək liqada oynayır.